Azərbaycan-Pakistan münasibətləri nümunəvi strateji tərəfdaşlıq örnəyidirbackend

Azərbaycan-Pakistan münasibətləri nümunəvi strateji tərəfdaşlıq örnəyidir

Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistanın Müstəqillik Günüdür. Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.

Pakistan Azərbaycana 44 günlük Vətən müharibəsində qətiyyətli mənəvi-siyasi dəstək göstərən dost ölkələr sırasındadır. Təbii ki, bu dəstək Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın möhtəşəm tarixi – şanlı qələbə qazanaraq öz ərazi bütövlüyünün bərpasına nail olmasını təmin edən mühüm amillərdəndir.

Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan Pakistanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Bu dost və qardaş ölkə istər 30 ilə yaxın davam edən işğal dövründə, istərsə İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə edib. Öz növbəsində, Azərbaycan da dost və qardaş Pakistanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir. İki ölkə beynəlxalq müstəvidə bir-birinin milli maraqlarının qorunmasında siyasi iradə nümayiş etdirir, əsl strateji tərəfdaşlıq örnəyi sərgiləyirlər.

Dost, qardaş Pakistan xalqını və dövlətini Müstəqillik Günü münasibətilə təbrik edir, ölkələrimizin bundan sonra xalqlarımızın maraqları və rifahı naminə birgə fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmalarını arzulayıram.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

  •  (0)
  •  (0)