Azərbaycan Ordusu qısa müddətdə Zəngəzur dəhlizini nəzarətə götürə bilər – Generaldan ANONSbackend

Azərbaycan Ordusu qısa müddətdə Zəngəzur dəhlizini nəzarətə götürə bilər – Generaldan ANONS

“Sözsüz ki, Naxçıvanda Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin ermənilərə siyasi mesajı var. Yəni bu, Zəngəzur dəhlizini açın – ismarışıdır. Ali Baş Komandan demişkən, xoşluqla istəməsələr, zorla açılacaq”.

Bunu Publika.aza açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib. Generalın sözlərinə görə, Naxçıvandakı təlimlərin birinci mesajı erməniləri ayıltmağa yönəlib:

“Mən həmişə o bədbəxt ermənilərə demişəm ki, onların Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun qarşısında durmaq gücləri yoxdur. Onun qarşısında dura bilməyəcəklər. Yəni onları ayıltmaq istəyirik, deyirik ki, ayılın və dəhlizi açın, yoxsa biz hər an Zəngəzurdan girə bilərik. Xoşluqla olmasa, zorla Zəngəzurla Naxçıvan arasındakı 46 kilometrlik məsafəni açacağıq. Oradakı dəmir yolu da həmişə Azərbaycan Respublikasının balansında olub”.

İranın Arazın o tayındakı hərbi təlimlərinə münasibət bildirən general qeyd edib ki, onlar hər zaman Azərbaycanın uğurlarını qısqanıb:

“Özləri bilərlər, ona heç fikir vermək də lazım deyil. Biz onları vecimizə də almırıq. Pakistan və Türkiyə həmişə Azərbaycanın arxasında durub. Azərbaycana mənəvi və siyasi dayaq kimi birgə hərbi təlimlər hər zaman davam edəcək. Dünyanın ən elit ordularından biri Türkiyənin ordusudur. NATO-dakı ən güclü ordulardan biridir. Pakistan isə heç kəsdən asılı olmayan, nüvə silahına malik yeganə müsəlman dövlətidir. Pakistan Azərbaycanı da həddindən artıq çox istəyir. Ona görə də bu təlimlər hələ ki, başlanğıcdır. Sözsüz ki, təlimlərin arxası gələcək. Daha böyükmiqyaslı, daha mükəmməl mövzuları əhatə edən təlimlər olacaq. Bu təlimlər vasitəsilə silahlı qüvvələrimiz arasındakı əlaqələr daha da genişlənəcək. Təlimlərdə qarşılıqlı əlaqə məsələləri birgə araşdırılacaq”.

Ermənistan Zəngəzur dəhlizini açmasa, Azərbaycan Laçın dəhlizinə qoşun yeridə və ya onu bağlaya bilərmi sualına Yaşar Aydəmirovun cavabı birmənalı olub:

“Əlbəttə, Azərbaycan Laçın dəhlizini də bağlaya bilər. Hətta Ali Baş Komandan əmr versə ki, sülhməramlılar bizə lazım deyil, onlar həmin dəqiqə çıxmalıdırlar. Hər an Laçın, Zəngəzur dəhlizini nəzarətə götürmək mümkündür. Xoşluqla olmasa, qısa müddətə güc vasitəsi ilə Azərbaycan Ordusu Zəngəzur dəhlizini nəzarətə götürə bilər. Çünki ordumuzun çox hissəsi işğaldan azad edilmiş ərazilərimizdədir”.

Ordumuzun ehtiyatda olan general-leytenantı rusiyalı sülhməramlıların Xocalıda keçirdiyi hərbi təlimlərdən də danışıb:

“İlk növbədə, orada monitorinq qrupu var. Söhbət Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən gedir. Sözsüz ki, bu məsələ Ali Baş Komandan və Müdafiə Nazirliyi tərəfindən qarşı tərəfin diqqətinə çatdırılacaq ki, bəyanatda olmayan fəaliyyətləri yenə də həyata keçirirsiniz. Bu məsələ danışıqlarla həll olunacaq”.

  •  (0)
  •  (0)