Azərbaycan İstanbulda keçirilən “Stratcom 21” Sammitində təmsil olunur – FOTObackend

Azərbaycan İstanbulda keçirilən “Stratcom 21” Sammitində təmsil olunur – FOTO

Sammitdə dünyanın 23 ölkəsindən üç mindən çox nümayəndə iştirak edir. Dekabrın 11-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 21” işə başlayıb.

Hokm.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sammitdə dünyanın 23 ölkəsindən müxtəlif akademiyaların, beyin mərkəzlərinin, dövlət qurumlarının əməkdaşları, media və özəl sektorun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təsisatların üç mindən çox nümayəndəsi iştirak edir.

İki gün davam edəcək tədbirdə strateji kommunikasiya, ictimai və rəqəmsal diplomatiya, dezinformasiya, böhran idarəçiliyi, kommunikasiya kampaniyaları, hökumət rabitəsi, yeni media, ictimaiyyətlə əlaqələr, sosial media şəbəkələrinin təhlili, yeni kommunikasiya texnologiyası meyilləri, strateji marketinq, media büdcələri, alqoritmlərin insan həyatına təsiri, ictimai rəy sorğuları, siyasi kommunikasiya və bu kimi digər aktual məsələlər müzakirə olunacaq.

Məruzəçi qismində NATO, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Birləşmiş Millətlər Təşkilatı (BMT), UNICEF, BMT-nin Ətraf Mühit Proqramı, BMT İnkişaf Proqramı, Beynəlxalq Atom Enerjisi Agentliyi kimi beynəlxalq təşkilatların strateji kommunikasiyalar sahəsində fəaliyyət göstərən rəhbərləri çıxış edəcəklər.

Sammitin açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qlobal dünyada medianın gücü, səhv və aqressiv məlumatlandırma kampaniyaları, dezinformasiyanın dünya ölkələrinə mənfi təsirindən danışıb. Bu məqsədlə dünyanın yeni bir kibergücə ehtiyacı olduğunu vurğulayan Fahrettin Altun sosial medianın idarə edilməsinin ayrı-seçkiliyə, kiberfaşizmə və ümumiyyətlə insanların həyatına mənfi təsirinə son verəcəyini deyib.

Bildirilib ki, burada beynəlxalq təşkilatların, media qurumlarının və bütün cəmiyyətlərin üzərinə çox vacib vəzifələr düşür.

  •  (1)
  •  (0)