Azərbaycan Hökumətinin 2021-ci il üçün səhiyyə XƏRCLƏRİ – RƏQƏMLƏRbackend

Azərbaycan Hökumətinin 2021-ci il üçün səhiyyə XƏRCLƏRİ – RƏQƏMLƏR

2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılmışdır. 2021-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,9 faiz təşkil edəcək.

Hokm.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1,5 milyon manatı və ya 0,1 faizi (2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 23,6 faiz çox) poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 153,7 milyon manatı və ya 10,9 faizi xəstəxanaların saxlanılması xərclərinə, 2,4 milyon manatı və ya 0,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 1251,4 milyon manatı və ya 88,8 faizi səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,0 faiz-bənd, natural ifadədə isə 706,5 milyon manat və ya 2,0 dəfə artmışdır. Ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi səhiyyə sahəsinə yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcminin artması, bu sahədə göstəricilərin əsaslı surətdə yaxşılaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır. Mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılmışdır. Növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcəkdir.

Bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. 2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda (Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları), 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları), yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020- ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.4-cü maddəsinə əsasən 2021-ci il yanvarın 1-dən muzdla işləyənlər üzrə bütün işəgötürənlər tərəfindən, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən işçilərin əməkhaqlarının 2 faizi (8000,0 manatdan yuxarı əməkhaqlarından 0,5 faizi) həcmində icbari tibbi sığorta haqqı ödənilməlidir. Bununla əlaqədar olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üzrə icbari tibbi sığorta haqlarının maliyyələşdirilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 105,9 milyon manat (Naxçıvan Muxtar Respublikası büdcəsində nəzərdə tutulan 4,8 milyon manat vəsait də nəzərə alınmaqla) məbləğdə vəsait nəzərdə tutulmuşdur.

Pandemiya şəraitində əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması üçün şəhər və rayon gigiyena və epidemiologiya mərkəzlərinin maddi-texniki vəziyyətinin gücləndirilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sanitar-epidemioloji tədbirlər üçün 42,5 30 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2020-ci illə müqayisədə 0,4 milyon manat və ya 0,8 faiz çoxdur. Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi, narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısının alınması məqsədilə psixiatriya yardımı, narkoloji xidmət və nəzarət sahəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində Milli Onkologiya Mərkəzinə 45,6 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Ölkədə ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilmə, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinə 2021-ci ilin dövlət büdcəsində 8,2 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 0,1 milyon manat və ya 0,6 faiz çoxdur. Növbəti ilin dövlət büdcəsindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhər Tibbi bədən tərbiyəsi dispanserlərinin saxlanılması üçün 1,1 milyon manat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin saxlanılması üçün 9,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. 2021-ci il üçün səhiyyə xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 7,0 milyon manat təşkil edəcəkdir ki, bu da 2020-ci illə müqayisədə 0,4 milyon manat və ya 6,0 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsində səhiyyə sahəsində dövlət proqramlarının və həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 198,5 milyon manat vəsait proqnozlaşdırılmışdır. Həmin vəsaitin xəstələrə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılmasına, kadr potensialının gücləndirilməsinə, xəstəliklərin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur

  •  (0)
  •  (0)