“Azərbaycan-Çin Əməkdaşlığı” İctimai Birliyi 2014-cü il dekabrın 24-də təsis edilib. İctimai Birliyin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, Pekin Dillər və Mədəniyyət Universitetinin fəxri professoru Rəşad Kərimovdur.
İctimai Birliyin yaradılmasında əsas məqsəd müasir dövrün çağırışlarını nəzərə alaraq Azərbaycanla Çin arasında elmi-mədəni əlaqələrin daha da intensivləşdirilməsinə kömək etmək, təcrübə mübadiləsi aparmaqdır.
Yarandığı 5 illik dövr ərzində Birlik bir sıra layihələr həyaya keçirmişdir. Belə ki, Çinin bir sıra elmi-mədəni mərkəzləri, ÇXR-in ölkəmizdəki səfirliyi ilə sıx əlaqələr qurulmuş, birgə tədbirlər təşkil etmişdir.
Birliyin ən uğurlu layihələrindən biri “Çincə-azərbaycanca lüğət”in Çində çap edilərək hər iki ölkənin ictimaiyyətinə təqdim olunmasıdır. 20 min sözdən ibarət bu lüğət müəllifin uzun illər çəkdiyi zəhmət hesabına ərsəyə gəlmişdir. Lüğəti hazırlayan zaman müəllif bu istiqamətdə tərtib edilmiş bir neçə lüğətdən istifadə etmiş, xüsusilə “Müasir Çin dili lüğəti”nin təcrübəsindən faydalanmağa çalışmışdır. Qeyd edək ki, Çincə-Azərbaycanca lüğətə ehtiyac uzun müddətdir ki, müşahidə olunur. Belə ki, həm ikitərəfli əlaqələrin qurulmasında, həm də Çində təhsil alan azərbaycanlı tələbələr bu problemlə müntəzəm olaraq qarşılaşır. Bunu nəzərə alaraq, Çində bakalavr, magistr və doktorantura təhsili alan professor Rəşad Kərimov 2002-ci ildən başlayaraq Çincə-Azərbaycanca lüğət üzərində çalışıb. Lüğət Çinin və Azərbaycanın bir sıra təhsil, elm və mədəni təşkilatlarına, kitabxanalara, oxucuların istifadəsinə verilib. Bu lüğət Azərbaycan-Çin elmi-mədəni əlaqələrinə dəyərli bir töhfədir.
Qeyd edək ki, Çindən məsafəcə uzaqda yerləşən Azərbaycanla bu ölkə arasında mədəni əlaqələrin tarixi qədimlərə gedib çıxır. Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkə arasındakı mədəni əlaqələrin təşəkkülü eramızdan əvvəllərə təsadüf edir. E.ə. II əsrin əvəllərindən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticari, iqtisadi sahələrdə olduğu kimi mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır. Bu gün Çinin irəli sürdüyü “Kəmər, Yol” platformasının bütün çağırışlarına Azərbaycan öz tarixi maraqları və yerləşdiyi coğrafiyanın imkanları çərçivəsində qoşulmağa çalışır.
Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi mənzərəsinə nəzər saldıqda sovet dövründə bu əlaqələrin müəyyən səviyyədə inkişaf etdirildiyinin şahidi oluruq. Müasir dövrdə Çin Xalq Respublikası böyük potensiala malik bir dövlət kimi ən müasir texnologiyalar tətbiq edərək yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün Çin şirkətləri Azərbaycanda bir çox sahələrdə, o cümlədən karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər.
Müasir dövrümüzdə dünya birliyi yeni çağırışlar qarşısındadır. Bu səbəbdən Azərbaycan-Çin əlaqələrinin hazırkı səviyyəsi elmi-mədəni əlaqələrin daha da intensivləşdirilməsini tələb edir. “Azərbaycan-Çin Əməkdaşlığı” İctimai Birliyi də dövlət siyasətini əsas tutaraq bu istiqamətdə fəaliyyətində faydalı olmağa çalışır.
















