Atçılıq Federasiyası ona tapşırılan sahəni necə məhvə aparır? – Klublardan Prezidentə şikayət… – YENİLƏNİBbackend

Atçılıq Federasiyası ona tapşırılan sahəni necə məhvə aparır? – Klublardan Prezidentə şikayət… – YENİLƏNİB

19.08.2020  10:16

Respublikada atçılığın inkişafında müstəsna xidmətləri olan bir qrup şəxs redaksiyamız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Azinforum.az yazıda adaları çəkilən şəxslərin və qurumların da münasibətinə yer verməyə hazır olduğunu bəyan etmək şərtilə həmin müraciəti olduğu kimi dərc edir:

“Hörmətli cənab Prezident!

Biz, aşağıda imza edənlər, uzun illərdir, bəzilərimiz ailəliklə və hətta ata-babadan gələn varislik əsasında, ölkəmizdə milli atçılığın müxtəlif sahələrində – at sahibi, məşqçi, idmançı, mehtər və başqa fəaliyyət növləri ilə məşğuluq. Təsadüfi deyil ki, bizlər, əsasən milli sərvətimiz olan Qarabağ, Dilboz, İngilis və Ərəb at cinslərinin yetişdirilməsi ilə məşğuluq. İçimizdəki at sahibləri bu işdən heç gəlir belə götürmür, əksinə atların bəslənməsinə uzun illərdir şəxsi vəsaitlərini xərcləyirlər. Biz əminik ki, milli cins atlarımızı yetişdirmək, artırmaq, bəsləyib təlim keçməklə vətənimizə və millətimizə, dövlət maraqlarımıza xidmət edirik.

Sizin Qarabağ və Dilboz atlarının artırılması və yetişdirilməsinə yönəlmiş qərarlarınız, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması və damazlıq işinin aparılmasına dəfələrlə göstərdiyiniz maddi, mənəvi və inzibati təşəbbüslər Sizin bu sahəni nə dərəcədə əhəmiyyətli və vacib hesab etdiyinizin göstəricisidir. Bütün bunlar üçün Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.

Belə ki, istənilən damazlıq işinin seçim mərhələsi, yekun yoxlama olaraq atların Cıdır Meydanında sınaqdan keçirilməsi olmadan mümkün deyil.

Bildiyiniz kimi, Sizin təşəbbüsünüzlə bu sahənin inkişafı üçün, Cıdır Meydanında işin təşkili, daha doğrusu işin imitasiyası 2010- cu ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasına həvalə olunub.

Lakin, üzərindən on il keçməsinə baxmayaraq Azərbaycan atçılığı bütün idman sahələrindən geridə qalmış, qat-qat aşağı səviyyəyə enmiş və demək olar ki, tamami ilə tənəzzülə uğrayıb.

Belə ki, at yarışlarının istənilən səviyyədə keçirilməsi mümkün olmadı, daha çox reklam xarakterli tədbirlər keçirildi. Yarışlarda uduşların verilməsi problemə çevrildi, mədəni və kütləvi idman sahəsi olmasına baxmayaraq, Cıdır meydanında əksər at sahibləri və həvəskarlar uzaqlaşdırıldı.

Bu işdə ən çox ziyan çəkən məhz milli atcılığımız oldu. Hamı gözləyirdi ki, xüsusilə Sizin fərmanlarınızdan sonra, Qarabağ və Dilboz atlarını illərdir min bir əziyyətlə, bütün çətinliklərlə saxlayan, yetişdirib, artıranlara dəstək olacaq. Lakin bütün ümidlərimiz puça cıxdı.

Sizin son vaxtlar dövlət malını mənimsəyən, özbaşına məmurlara qarşı həyata keçirdiyiniz sərt  tədbirlərlə bir daha Azərbaycan xalqın yanında olduğunuzu onların qeydinə qaldığınızı bizlərə bir daha xatırlatdız.

Biz  Azərbaycan atçıları bu qayğıdan ruh alaraq, Sizə öz problemlərimizi  bildirmək qərarına gəlmişik.

Məmurlara qarşı ciddi xəbərdarlıqlarınıza baxmayaraq  Azərbaycan Respublikası Atçılıq Federasiyasında çaparlara, mehtərlərə, məşqçilərə və at sahiblərinə  qarşı  özbaşınalıq və haqsızlıq davam edir.

Belə ki, 2019-cu ilin noyabr ayında cıdır mövsümünün bağlanışı olub. Cıdır yarışlarının başlamasından bir il keçməsinə baxmayaraq, qoyulan az miqdarda olan uduş məbləğlərinin bir hissəsini bu günə qədər biz atçılar hələ də ala bilməmişik.

Biz çaparlar, məşqçilər və mehtərlər dəfələrlə Atçılıq Federasiyasına müraciətlər etsək də müxtəlif bəhanələr gətirərərək bizi  cavabsız qoymuşdurlar. Hətta ARAF-ın prezidenti Elçin Quliyev atçılıq ərazisində gəzdiyi zaman ona yaxınlaşaraq öz haqqlarımızı tələb etdikdə bizlərə: “Bir daha qarşıma çıxsanız cıdır yarışlarını ləğv edəcəm və bir daha yarış üzü görə bilməyəcəksiniz” ifadələrini bildirib.

Qeyd etmək istəyirik ki, 2014-cü ildə dəstəkçi sahibkarlar hesabına   Cıdır yarışlarına 700.000 dollar ümumi uduş fondu qoyulmuşdur ki, həmin dövürdə milli at cinslərimizin inkişafına təkan vermiş, yüzlərlə yeni atçı sözügedən idman sahəsinə qoşulmuş həmçinin xeyli sayda beynəlxalq yarışlarda iştirak edən cins “İngilis” və “Ərəb” atları ölkəmizə gətirilib.

Növbəti illər ərzində bu sahənin inkişafı üçün Heydər Əliyev Fondu, “Paşa Sığorta”, “Azersun” və “Embawood” şirkətinin dəstəyi ilə Federasiyaya külli miqdarlarda pul vəsaitləri ayrılıb.

Buna baxmayaraq, Federasiya tərəfindən Cıdır yarışlarına qoyulan illik uduş fondu məbləği 200.000 Azn təşkil edir. Hər il 100-150 at cıdır yarışlarında iştirak edir. 200.000 Azn uduş fondundan atların cıdır yarışında iştirak edə bilməsi üçün Federasiya tərəfindən yenidən 1% məbləğ tutulur. Hətda müəyyən vaxtlarda əsasiz olaraq “qrup yarışlarında   səkkiz at  iştirak  etmelidir”, deyərək  qoyulan az miqdarda pul vəsaitini mənimsəyirlər. Qeyd etmek isteyirik ki, dünyada qrup yarışlarında iki , üc at da iştirak edə bilir.

Hippodromda 12 kv.m- lik at tövləsində bir atın durması üçün bir aylıq kirası -50Azndir. (qeyd etmək istərdik ki, Binə qəsəbəsində bir otaqlı əla təmirli evin kirayə haqqı 100Azn-dir. Müqasiyə etsək, Türkiyə Respublikasında isə 100 milyonlarla uduş fondu olan bir yerdə bir atın qalması üçün yer haqqı 40-50Azn-dir.)

  • Bir ata gün ərzində 8-kq Vələmir verilir ki, 4 Azn edir və ayda isə – 120 Azn dir.
  • Bir at ayda 12 bağlama ot yeyir ki, 5 AZN dən ayda – 60Azn dir.
  • Bir ata aylıq baxım xərci -50 Azn dir.
  • Bir atın jokey(idmançı) tərəfindən idman etdirilməsi aylıq – 50Azn dir.
  • Bir atın məşqçi pulu – 50 Azn dir
  • Bir atın dırnaqlarının təmizlənib nallanması 40 Azn, nal və mismar pulu 40 Azn, edir ki, aylıq – 80 Azn dir.
  • Bir atın aylıq vitaminləri alma, kök və.s – 60 Azn dir.

Nəzərə alsaq ki, Cıdır yarışlarında iştirak edən bir atın aylıq xərci cəmi 470 AZN dir. ARAF    tərəfindən tutulan 1 faizlər qeyri- qanunu olaraq ləgv etdikləri cıdır yarışlarından menimsədikləri  pulları cıxdıqda  170.000 Azn  civarında   uduş fondu qalir. 12  aya böldükdə  aya  14166  Azn düşür. 14166  Azn-ni 150 at sayına böldükdə isə bir ata 94  Azn uduş pulu düşür. Beləliklə, hər at sahibi öz büdcəsindən əlavə  376 Azn pul xərcləməli olur.

Sonuncuları nəzərə  alsaq  Azerbaycan atcılıgı son günlərini yaşamaqla bərabər atlara sevgisi olan, maddiyat  cəhətdən cətinliklə  üzləşən  at sevərləri  itirməkdədirlər.

Atcılığın inkişafı əyaqda durması ücün 705000 Azn  illik uduş fondu olmalıdır ki, Azerbaycan atcılığımız ayaq üstə dura bilsin.

Həmçinin vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Qarabağ və Dilboz atları ilə oynanılan 7-8 komandadan ibarət  hər bir komanda 7 oyunçu və atın iştirakı ilə keçirilən milli çövkən oyununa il ərzində 50.000 Azn uduş fondu qoyulur. Qoyulan məbləği 128  idmanci ve ata böldükdə 390 azn dushur.

Bunun nəticəsi olaraq at sahibləri misli olmayan Cins atlarını Azərbaycanın qonşu ölkələrinə dəyər-dəyməzə və ya ölkəmizin rayonlarına, kəndlərinə yük atı qismində satırlar.

Hippodromun vəziyyəti də  hal-hazırda bərbad gündədir. Hər tərəf zibil yığınıdır. Atlara baxmağa gələn yerli və xarici qonaqlar bərbad vəziyyətdə olan cıdır zolağını, atların saxlanma şəraitini, qeyri – etik və anti-sanitar vəziyyətdə olan əl yuma yerlərini, ayaqyolularını gördükdə ikrah  hissi ilə hippodromdan ayrılır və biz  atçıların vəziyyətinə acıdıqlarını bildirirlər. Hippodromda qalan idmançı və mehtərlərə ayrılmış yataqxana mikrob mənbəyinə çevrilmişdir. Hətta xarici qonaqlar qarşılaşdıqları bu xoşagəlməz mənzərələrin fotolarını çəkərək geri qayıdırlar.

Sizin bu ağır pandemiya dövründə vətəndaşlarımıza göstərdiyiniz yardımlar biz atçılar tərəfindən yüksək qiymətləndirilir. Ancaq Atçılıq Federasiyası bu çətin bir vaxtda yüksək tövlə kiralarında bizlərə dəstək vermək əvəzində tövlə kiralarını gecikdirdiyimiz hər günə görə 5 Azn cərimə məbləği hesablayacağını bildirir.

Biz atcilarin ve atlarimizin hal hazirdaki veziyyeten cıxması üçün acıq yarışlara icazə verildikdə cıdır yarışlarının başlamasi üçün göstəriş vermənizi bir daha xahiş edirik.

Hippodromun qaçış zolağı standartlara uyğun olmadığı üçün, hər il onlarla atlar məşq və yarış zamanı müxtəlif xəsarətlər alaraq cıdır yarışlarına  yararsız hala düşür. Qaçış zolağına qulluq məqsədilə əmələ gələn nahamarlıqları aradan qaldırmaq üçün ən az həftədə üç dəfə hamarlanma və sulanma işləri aparılmalıdır. Lakin bu işlərin heç biri aparılmır və su təhcizatı tamami ilə ləğv olunmuşdur.

Çox hörmətli cənab Prezident!

Vəziyyətdən çıxış yolunu Sizə müraciət etməkdə gördük. Başqa yolumuz yoxdur. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu sahədə yığılıb qalmış problemlərin həllində, yarışların beynəlxalq standartlara yaxın tərzdə təşkilində bizə kömək edəsiniz. Milli cins atçılıq sahəsində və həmçinin Beynəlxalq yarışlarda qalib gəlib xarici ölkələrdə dövlətimizin  bayrağını ucaldacaq potensiala malik olan “İngilis” və “ərəb” atlarımızın məhv olmaması üçün Sizin köməyinizə xüsusi ehtiyacımız var.

Atları bizim qədər sevən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanı Azərbaycan Atçılıq Federasiyasının prezidenti görmək istərdik.

Xahiş edirik ki, xüsusi komissiyanın yaradılmasına və bu problemlərin yerində araşdırılıb həqiqətin üzə çıxarılmasına tərəfinizdən göstəriş verəsiniz.

Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə:

Azərbaycan Atçıları adından

Köhlən Atçılıq Klubu:

Klub rəhbəri:       Şəmsəddin Atayev

Məşqici: Klubun rəhbəri, həmçinin komandasının məşqçisidir

Capar: Elşad Nəzərov

Çapar:  Əliyev Azər

Mehtər: Nəzərov Mustafa

Mehtər: Atayev Nicat

Nalbend : Sedat Akmuş

Hemçinin oz şəxsi vesaiti ile Qarabağ Dilbaz atlarının yetişdirilməsi ilə məşğul olur.

Dəfələrlə Cövkən yarışlarında klubun idmançıları ikinci , uçüncü yerlərin qalibi olmuşdur.

Xan-Xan Atçılıq İdman Klubu:

Klub rıhbıri: Əmadov Rəşad

Məşqçi: Məmmədov Namiq

Çapar: Nəzərov Hilal

Mehtər: Budaqov Cavanşir

Təlimci:Azayev Şəhriyar

Mehtər: Məmmədov Hüseyn

Mehtər: Hüseyn Hüseynov

2016,  2017,   2018,  2019 -cu illərdə keçirilən cıdir yarışlarında klubun atlarının əldə etdiyi nailiyyətlərinə göre ilin klubu seçilmiş, Fəxri fərmanlarla təltif olunmuşdur. Klub həmçinin cins atlar yetişdirir.

Omar Atciliq idman klubu:

Klubun rəhbəri: Əliyev Ədalet

Məşqçi: Atayev Fəxrəddin

Çapar: Məmmədov Habil

Çapar: Rüstəmov Nurlan

Mehtər: Abiyev Samir

Mehtər: Əsgerov Xaliq

MƏŞQÇİLƏR:

Balahuseynov Anar

Azayev Nazim

İbrahimov Ramiz

Ənsərov Elşən

Musayev Vüqar

Abbasov İskəndər

Atayev Saməddin

Mircəlal Məlikov

Atayev Şəmsəddin

Mehman Xəlilov

ÇAPARLAR:

Orxanbey Haciyev

Vüsal Nəzərov

Sadiq Cəfərli

Orxan Əsgərzadə

Yusif Rüstəmov

Səxavet Azayev

Aqil Haciyev

Pandemiya ile əlaqədar bölgələrdə olan yetişdiricilər idmançilar ve at sahibləri imzalarını təqdim ede bilmirlər. Sonuncular aşağıdakılardır.

Lələyev Habil Çingiz oğlu:  Şəki rayonu Daşuz kəndində Dilboz atlarının yetişdirilməsi ile meşğul olur.

Əli Orucov:  Şəki rayonu Dashuz kendinde Qarabag atlarının yetişdirilməsi ilə məşğul olur.

Şəmsi Səfərov: Şəki rayonu Dashuz kəndində Dilboz atlarının yetişdirilməsi ile məşğul olur.

Təlimçi: Şabanov Muşviq Shaban oglu

Mehdər: Məmmədov İsmayil Novruz oglu

Baytar həkim: Şuayev Rəşid Balasi oglu

Beynəlxalq dərəcəli idman ustasi Məşqçi çapar Alik Qasımov

Beynəlxalq dərəcəli idman ustası Azərbaycan atcılıgının inkişafinda sovet donəminde böyük rolu olan Deputat Səfərov

Qarabağ  Çövkən komandasi:

Kərimov Taleh Pohruz oglu.

Orucov Nizameddin Eli oglu

Vəlizadə Cəfər Talış oğlu

Shirinov Shamil Shirin oglu

İmanov Elmin Zakir oglu

Salahov Məhəbbət Güloğlan oğlu”.

_____________________________

22.08.2020 16:40

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ünvanına səsləndirilən ittihamlara Federasiya rəsmisindən cavab

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Elşad Abbasov bir qrup şəxs tərəfindən ölkə başçısına ünvanlanmış məktubda səsləndirilən iddialara münasibət bildirib.

Vitse-prezidentin Hokm.az-a açıqlamasını tam şəkildə təqdim edirik. “1996-cı ildə yaradılmış Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyasının 2009-cu ildə yenilənmiş nizamnaməsi qeydiyyatdan keçirilmiş və yeni ad ilə – Azərbaycan Respublikası Atçılıq Federasiyası kimi fəaliyyətinə davam etmişdir. Federasiyanın adının dəyişdirilməsində, yeni nizamnamənin təsdiq edilməsində əsas məqsəd atçılıq idman növləri ilə yanaşı unudulmaqda olan atçılıq istiqamətlərinin də inkişaf etdirilməsinə tövhə verməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasında atçılığın inkişafı və milli at cinslərinin qorunması sahələrində görülən bütün işlərin təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri ali dəstək və qayğı durur. Məhz bu dəstək nəticəsində son illər ərzində ölkə ərazisində Ağcəbədi və Ağstafa rayonlarında ən müasir tələblərə cavab verən atçılıq mərkəzləri fəaliyyətə başlamış, milli at cinslərinin identikləşdirilməsi, cinsin yaxşılaşdırılması üçün atların bonitirəsinin aparıması üzrə mühüm işlər görülmüşdür. Federasiya öz təşəbbüsü ilə atçılığın milli sahələrinin inkişaf etdirilməsi üçün yüksək səylər göstərmişdir. Bu istiqamətdə Federasiya tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərilmiş, atçılıq sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsinə zəruri dəstək verilmiş, müxtəlif təşəbbüslər həyata keçirilmişdir. 2010-cu ilin əvvəllərində Bakı Dövlət Cıdır Meydanı ARAF-ın təşəbbüsü ilə tam təmir olunub və həmin ilin mart ayından etibarən ilk cıdır yarışlarına start verilib. Cıdır yarışlarının keçirilməsində isə yenə də əsas məqsəd yerli cins atlarımızın beynəlxalq laboratoriylar vasitəsilə DNT analizlərinin məcburi şəkildə aparılmasını təmin etmək və cinslərin yaxşılaşdırılmasına nail olmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Atçılıq Federasiyası ictimai birlikdir. ARAF illik büdcəsini yalnız ianələr və sponsorluqlar vasitəsilə formalaşdırır. Yeni sponsorların cəlb olunması, mövcud sponsorluqların müddətinin bitməsi və sponsorluq məbləğlərinin dəyişməsindən asılı olaraq federasiyanın hər yeni il ərzində müxtəlif atçılıq idman sahələrinə təyin etdiyi mükafat fondları dəyişə bilər. Cıdır yarışlarının tərəfimizdən təşkil olunmasına başlandığı tarixdən etibarən hər il mükafat fondu təsis edilmiş və qaliblər arasında bölünmüşdür. Bəzi hallarda sponsorluq vəsaitlərinin federasiyaya gec ödənilməsi səbəbindən mükafatların verilməsində gecikmələr olmuşdur. DNT analizlərinin cavabları təqdim olunmayan atların mükafatları müvafiq yoxlama həllini tapdıqdan sonra ödənilmişdir.

Dünya təcrübəsində olduğu kimi bütün qaçışlara atlar yazıldığı zaman mükafat fondunun 1%-i həcmində giriş haqqı tələb olunur. Bunun məqsədi isə at sahiblərinin vaxtında və məsuliyyətli şəkildə atlarını qaçışlara yazmasına və yazılan atın son dəqiqədə yarışdan çıxarılmamasına xidmət edir. Yekunda giriş haqlarından toplanan vəsaitlər yenidən mükafat fonduna qaytarılır. Azərbaycanda atçılıq klubları, atçılıq mərkəzləri və digər atçılıq təsərrüfatları müstəqil fəaliyyət göstərirlər. ARAF həmin klubların fəaliyyətini təftiş etmək səlahiyyətinə sahib deyildir. Bakı və Bakı ətrafı ərazilərdə müxtəlif səviyyəli, fərqli xidmətlər təklif edən bir neçə azad atçılıq təsərrüfatları fəaliyyət göstərir ki, bu da at sahiblərinə seçim etmək imkanı verir. At sahiblərinin hansı klubda yerləşməsindən asılı olmayaraq ARAF tərəfindən təşkil olunan bütün yarışlarda iştirakı mümkündür. Eyni zamanda bütün təsərrüfatlar qiymət siyasətini azad şəkildə formalaşdırırlar. ARAF-ın bu məsələlərlə bağlı təsərrüfatlara heçbir müdaxiləsi yoxdur. 2010-cu ildən etibarən Çövkən Milli Atüstü Oyunu üzrə ölkə çempionatlarının və xüsusi kubokların keçirilməsinə start verilmişdir. Ötən 10 il ərzində ümumilikdə 8 çempionat təşkil edilmiş və yüksək məbləğlərdə vəsaitlər bu sahəyə ayrılmışdır. 2018-ci ildə federasiya tərəfindən verilən qərara əsasən çövkən komandalarında 2019-cu ilin sonundan etibarən yalnız yerli cins atların istifadəsinə yol verilir. Bu da milli atçılığın inkişafına yönəlmiş addımlardan biridir. 2009-cu ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən ümumilikdə 50-dən artıq beynəlxalq, 250-dən çox yerli yarış təşkil olunmuşdur. Avropanın müxtəlif şəhərlərində milli komandaların atçılığın bir neçə növü üzrə yarışlarda iştirakı təmin edilmişdir. Azərbaycanın milli oyunu olan çövkəndən yaradılmış, lakin dünyada yüksək populyarlıq əldə etmiş atçılığın polo növü üzrə qısa vaxt ərzində milli komanda formalaşdırılmışdır. 2015-ci ildə arena polosu üzrə milli komandamız Avropa Çempionu, 2018-ci ildə isə böyük polo üzrə milli komandamız Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur. 2012-ci ildə Atçılıq Federasiyasının təşəbbüsü ilə milli cins atlarımızdan ibarət xüsusi “Süvarilər Dəstəsi” yaradılmışdır. Həmin atçılıq qrupunun dəfələrlə İngiltərədə təşkil olunan tədbirlərdə, İsveçrənin müxtəlif şəhərlərində və Türkiyənin paytaxtı İstanbul şəhərində yüksək səviyyəli beynəlxalq tədbirlərdə nümunəvi çıxışları təşkil olunmuşdur.

ARAF ictimaiyyətə açıq və şəffaf qurumdur. Əsaslı tənqidləri biz hər zaman qəbul etməyə hazırıq. Federasiyanın vitse-prezidenti olaraq, bizim fəaliyyətdən narazılığı olan hər bir şəxslə görüşməyə hazır olduğumu bildirirəm və onları bu görüşə dəvət edirəm. Əmin edirəm ki, bütün müraciətlərə ən qısa zamanda baxılacaq və həlli üçün bütün mümkün tədbirlər görüləcəkdir.”

 

  •  (0)
  •  (0)