AŞPA məruzəçiləri Azərbaycanda son kütləvi həbsləri pisləyibbackend

AŞPA məruzəçiləri Azərbaycanda son kütləvi həbsləri pisləyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycanda kütləvi həbslərlə bağlı birgə bəyanat yayıb. Avropa Şurasının rəsmi saytında yerləşdirilən bəyanatda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyadan olan deputat Sunna Evarsdottir, Azərbaycandakı ümumi durum üzrə həmməruzəçilər Ştefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) Azərbaycanda son yarım ayda həyata keçirilən kütləvi həbslərə münasibət bildirib.

“Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalardan sonra keçirilən nümayişə görə kütləvi şəkildə həyata keçirilən həbslərdən ciddi narahatıq. Bizi xüsusən həyəcanlandıran saxlanılan şəxslərdən dövlət çevrilişi barədə yalan ifadə almaq üçün onlara işgəncə verilməsi haqda məlumatlardır. Bu kontekstdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya qarşı irəli sürülmüş ittiham bizi xüsusən narahat edir”, – deyə həmməruzəçilər bildirib.

AŞPA təmsilçiləri bəyanatda Azərbaycanda inzibati həbs hallarının geniş yayılması və bu zaman prosessual tələblərə əməl olunmamasını da qeyd edir. Vurğulayırlar ki, Azərbaycanla bağlı bu məsələ dəfələrlə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında, AŞPA-da tənqid olunub. Həmməruzəçilər bildirir ki, bu cür həbslərdə saxta sübutlardan istifadə olunur: “Azərbaycanda saxta ittihamlardan istifadə olunması, cinayət qanunvericiliyindən siyasi motivlərlə sui-istifadə halları Avropa Məhkəməsinin qərarlarında tez-tez tənqid olunur.

Son hadisələr deməyə əsas verir ki, Avropa Məhkəməsinin də öz qərarlarında göstərdiyi kimi, hökuməti tənqid edənlərin əsassız həbs olunmasıyla bağlı narahatlıq yaradan mənzərə, Avropa Şurası Nazirlər Komitəsinin qeyd etdiyi kimi, inzibati həbslərdən sui-istifadə halları davam edir. Bütün bunlar isə AŞPA-nın bu ilin yanvarında qəbul etdiyi 2322 saylı qətnamədən sonra ölkədə heç bir irəliləyişin olmadığını göstərir.

Biz Azərbaycan hökumətini ifadə və söz azadlığına, sərbəst toplaşma azadlığına hörmət etməyə, işgəncələrin qadağan edilməsinə, insanların azadlıq və təhlükəsizlik hüququnu təmin etməyə, saxlanılan şəxslərlə bağlı ədalətli məhkəmə keçirməyə çağırırıq.

Yaxın vaxtlarda biz 2322 saylı qətnamənin icrası, o cümlədən Azərbaycanda siyasi məhbuslarla bağlı görülən işlər barədə Azərbaycan nümayəndə heyətindən məlumat almağa çalışacağıq”.

Həmməruzəçilər onu da qeyd edirlər ki, vəziyyəti Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərilə birbaşa yazışmalar yoluyla müzakirə etmək istəsələr də, imtina olunub. Onlar bununla əlaqədar da məyusluqlarını vurğulayıblar.(Turan.az)

 

  •  (1)
  •  (1)