Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yeddinci hesabat-seçki yığıncağından bir il ötür. Ötən ilin may ayının 20-də keçirilən konfransda AQC-nin rəhbərliyi yenilənib, İdarə Heyəti və rəhbər strukturları formalaşıb. Yığıncaqda “Vecon Consulting” şirkətinin təsisçisi və direktoru Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.
Qeyd edəd ki, ötən dövr ərzində AQC-nin fəaliyyətində ciddi dönüş yaranıb. Ölkəmizin ilk assosiativ birliklərindən olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) dövlət orqanları, vətəndaş cəmiyyəti insitutları, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri ilə faydalı və qarşılıqlı münasibətləri inkişaf etdirib. Bir sıra mühüm uğurlara imza atan AQC türk dünyası qiymətləndiriciləri arasında həmrəyliyin təmin edilməsinin əsas ideya müəllifi olub.
AQC bir illik fəaliyyəti ilə bağlı ictimai hesabat hazırlayıb. Hesabatı təqdim edirik:
– Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasıyası Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilə AQC sədri Vüqar Orucun və hər iki qurumun rəhbərliyinin görüşü keçirilib. Hökumətin iqtisadi təşkilatları ilə əməkdaşlığın artırılması, qiymətləndirmə sektorunun problemləri mövzusunda keçirilən görüşdə birgə fəaliyyətin təşkili, komissiyaların işində iştirak barədə razılıq əldə olunub.
– Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Seymur Mövlayevlə AQC sədri Vüqar Orucun və hər iki qurumun rəhbərliyinin görüşü keçirilib. Əməkdaşlıq, birgə proyektlər, standartların qəbulu mövzusunda keçirilən görüşdə AQC üzvü olan şirkətlərin müvəkkilliyinin dominantlığı, birgə proyektlərin işlənməsi barədə razılıq əldə olunub.
– Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə AQC sədri Vüqar Orucun və hər iki qurumun rəhbərliyinin görüşü keçirilib. Qiymətləndirmə sektorunun problemləri, fəaliyyətin əlaqələndirilməsi, qrant müsabiqələrində iştirak, təmasların artırılması mövzusunda keçirilən görüşdə AQC-nin 23 ildən sonra QHT kimi qəbul olunması, işçi qrupun yaradılması, müsabiqələrdə iştirak barədə razılıq əldə olunub.
– Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və sədri Tahir Mirkişili ilə AQC sədri Vüqar Orucun və AQC İdarə Heyətinin üzvlərinin görüşü keçirilib. Qiymətləndirmə sektorunun problemləri, “Qiymətləndirmə haqqında” yeni qanun layihəsinin müzakirəsi mövzusunda keçirilən görüşdə AQC-nin təşkilat kimi qəbul olunması və Milli Məclisin müzakirələrində iştiraka dəvət edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsində iştirakı ilə bağlı razılıq əldə olunub.
– Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla AQC sədri Vüqar Orucun və hər iki qurumun rəhbərliyinin görüşü keçirilib. Əməkdaşlıq, müqavilə, mediasiya qurumları ilə şirkətlərin birbaşa əlaqələrinin qurulması mövzusunda müzakirələrin aparıldığı görüşdə birgə fəaliyyətin təşkili ilə bağlı önəmli razılıqlar əldə olunub.
– Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Türkiyədə işgüzar səfər edib. Səfər çərçivəsində Türkiyə Değerleme Uzmanları Birliyinin İdarə Heyətinin sədri Yaşar Bahçeci ilə görüş keçirilib. Görüşdə AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə, Türkiyə Değerleme Uzmanları Birliyinin rəsmiləri iştirak edib. İki təşkilat arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin yaradılması barədə niyyət protokolu imzalanıb.
– Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovla Adilovla AQC sədri Vüqar Orucun və hər iki qurumun rəhbərliyinin görüşü keçirilib. Maliyyə (bank, sığorta) və qiymətləndirmə sektorları arasında əməkdaşlığın artırılması geniş müzakirə olunub. Əməkdaşlığın davam etdirilməsi, problemlərin ən üst səviyyədə müzakirəsi barədə razılıq əldə olunub.
– AQC tərəfindən 2022-ci ilin yekunlarına həsr olunan bayram tədbiri təşkil olunub. Tədbirdə ölkə qiymətləndiriciləri, mətbuat nümayəndələri iştirak ediblər. Mətbuat və ictimaiyyət nümayəndələri ilə qurumun münasibətlərini inkişaf etdirmək, AQC-nin gələcək fəaliyyəti barədə hesabatlılığı təmin etmək, üzv şirkətlər arasında səmimi və işguzar münasibətləri gücləndirmək məqsədilə keçirilən tədbir KİV-lərdə geniş yayılıb.
– Daşınmaz əmlak növlərinin qiymətləndirilməsi üzrə ardıcıl kurslar təşkil edilib. Bu kurslarda onlarla qiymətləndirici iştirak edib və iştirakçılardan bəziləri müvfəqiyyət qazanaraq müvafiq sertifikatlar əldə edib. Bəzi sertifikatlar isə yenilənib. Eyni zamanda AQC tərəfindən Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşlarına müvafiq ixtisasartıma kursu təşkil edilib.
– Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis edilməsi ilə bağlı razılaşma əldə edilib. Bu barədə razılıq Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti və Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.
– Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” keçirilib. Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Nizamnaməsi qəbul edilib. Qazaxıstanın Qiymətləndiricilər Palatası ilə AQC, AQC ilə Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, AQC ilə Qırğızıstan Qiymətləndiricilər İttifaqı arasında əməkdaşlıq Memorandumu imzalanıb. Türkiyə Dəyərləmə Uzmanları Birliyi və Hindistan Qiymətləndirmə Birliyi ilə imzalanan müqavilə ilə birlikdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beş ölkə ilə münasibətlərini rəsmiləşdirmiş olub.
– Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” çərçivəsində Bakıda tədbir təşkil olunub. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Qiymətləndirmə Birliklərinin rəhbərləri, Türkiyə, Özbəkistan, Qırğızıstandan olan qiymətləndiricilər, Azərbaycan Qiymətləndirmə Cəmiyyətinə (AQC) olan üzv şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə gələcək fəaliyyət istiqamətləri ilə bağlı gniş fikir mübadiləsi aparılıb. İyun ayında Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağına hazırlıq məsələləri müzakirə olunub.
– Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” çərçivəsində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib. Görüşdə qonaq qismində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti Marat Baytokov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov və digər qonaqlar, İqtisadiyyat Nazirliyi tərəfindən isə İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov və nazirlik rəsmiləri iştirak ediblər.
– AQC sədri Vüqar Orucun Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub. Səfər çərçivəsində AQC sədri Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR-nın İqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb. AQC-nin Naxçıvanda nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar fəal müzakirələr aparılıb. Hər iki tərəf əməkdaşlığın artırılmasından məmnunuluğunu ifadə edib.
– AQC informasiya siyasətini uğurla icra edib. Ölkənin nüfuzlu media quruluşları ilə razılaşmalar əldə edib. Ölkəmizin qiymətləndirmə bazarı, əmlak və daşınmaz əmlak sektoru ilə bağlı silsilə məlumatlar hazırlanaraq yayılıb. AQC sədri Vüqar Orucun ötən dövr ərzində yüzlərlə media orqanında minlərlə müsahibəsi dərc edilib. Statistikaya görə, ötən il bir il ərzində ölkə mətbuatında AQC ilə bağlı tirajlanan informasiyaların sayı 10 mindən artıq olub.