Amil Cavadov Dövlət Komitəsinə Aparat rəhbəri təyin olundubackend

Amil Cavadov Dövlət Komitəsinə Aparat rəhbəri təyin olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

“Report”un məlumata görə, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.

Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib.

O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

Xatırladaq ki, Amil Cavadov 1986-cı il fevralın 23-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı, 2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2013- 2014 –cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya şöbəsində referent vəzifəsində çalışıb. 2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb. Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.

  •  (6)
  •  (4)