Allahşükür Paşazadənin səlahiyyətləri əlindən alınır – SƏBƏBbackend

Allahşükür Paşazadənin səlahiyyətləri əlindən alınır – SƏBƏB

Xəbər verdiyimiz kimi, “Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişiklərin edilməsi təklif olunur. Qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.

Digər dəyişiklik isə dini qurumların dövlət qeydiyyatına alınması qaydası ilə bağlıdır. Belə ki, burada da dini qurumların (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir.

Belə olan halda qurum gələcəkdə hansı funksiyanı yerinə yetirəcək? Allahşükür Paşazadənin sdri olduğu Qafqaz Müsəlmanları İdarəsinin qeyd olunan səlahiyyətlərdən azad olunması nə ilə bağlıdır?

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri Redaktor.az-a bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin artıq heç bir funksiyası olmayacaq:

“Bu məsələ çoxdan araşdırılan bir məsələdir. Çünki bu məsələ praktiki olaraq bu gün Qafqaz Müsəlmanları İdarəsinin sonrakı taleyi ilə bağlıdır. Bir vaxtlar da Qafqaz Müsəlmanları İdarəsinin səhvi nəticəsində müəyyən güc nümayişi nəticəsində baş verən hadisələr olmuşdu. Həmin hadisələr nəticəsində Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi professor Rafiq Əliyev yeni yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilmişdi. Ondan sonra da komitə ilə həmin qurum arasında uzun müddət davam edən proseslər olmuşdu. İndi də son dövrlərdə Allahşükür Paşazadənin müəyyən çıxışları, həmin çıxışlarda qeyd etdiyi məqamlar vardı. Məsələn, Qarabağ zəfərini İranın dini liderinin fətvası ilə əlaqələndirməsi və s. Daha sonra bunu düzəltmək üçün müəyyən cəhdlərin edilməsi və heç bir səbəbi, nəticəsi olmadığı halda Vatikana gedib Roma Papası ilə görüşməsi və s. kimi məsələlər. Bu, yenə də həmin o səhvi düzəltməyə şərait vermədi. Hər nə qədər müəyyən müsahibələr vermiş olsa da, buna imkan yaratmadı. Nəticədə də belə bir məsələ gözlənilən idi. Gözlənilməsinin səbəbi odur ki, hər şey bu gün təəssüflər olsun ki, şəxsin üzərində qurulub. Həmin şəxsin üzərində qurulduğuna görə, şəxsdən sonra həmin qurumun vəziyyəti nə yerdə olacaq, bununla bağlı müəyyən qeyri-rəsmi müzakirələr aparılır. Bu, yeni deyil, uzun müddət davam edən bir prosesdir. Bu prosesi tezləşdirməyə də konkret olaraq həmin o qurumun rəhbərinin çıxışları rəvac verdi. Məsələnin digər tərəfi odur ki, bu gün faktiki olaraq Türkiyədəki kimi protokolda yer alan dini komitəyə ehtiyac var. Yəni Türkiyədəki Dyanet İşləri Başqanlığı kimi Azərbaycanda da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumları müəyyən bir formata salaraq, nizamnaməsini təsdiqləyərək, bu cür həll edilməsi gündəmə gəlir. Yəni bu da təbii bir prosesdir. Faktiki olaraq bu da elə edilməlidir ki, sabah onların özləri də istədikləri kimi, istədikləri şəxslərlə bağlı qərar verə bilməsinlər. Bunun da bir mexanizmi olmalıdır. Amma proses ona doğru gedir ki, Qafqaz Müsəlmanları İdarəsinin faktiki olaraq artıq heç bir funksiyası olmayacaq, bir qeyri-hökumət təşkilatı olmağına davam edəcək”.

Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin adındakı Qafqaz sözünə də toxundu.

“Qafqaz deyiləndə, həqiqətən bu gün Qafqaz üzərində həmin o qurumun hansısa bir funksiyası, fəallığı, yaxud hökmü varmı? Bu məsələ də hazırda nəzərə alınır. İkinci məsələ olaraq da bu gün həmin o qurumun və orada çalışanların əksəriyyətinin İranın dini ideologiyasına sahib olmaları ilə bağlıdır. Ona görə də, bu məsələlərin aradan qaldırılması üçün yəqin ki, Türkiyə qaydası həyata keçirilə bilər. Yaxud İngiltərədə mövcud olan “anglikanizm” deyilən anlayış, yəni katoliklərlə protestantlığın arasında olan məzhəb kimi bir sistem qəbul edilə bilər. Bunlar da yəqin ki, zamanla düşünülür. Amma faktiki olaraq görünən odur ki, Türkiyədəki mövcud olan sistem Azərbaycanda da öz həllini tapacaq” – deyə ilahiyyatçı vurğuladı.

  •  (0)
  •  (0)