Aleksandr Merejko: “Bakıya təzyiq göstərməyə çalışırlar, amma…”backend

Aleksandr Merejko: “Bakıya təzyiq göstərməyə çalışırlar, amma…”

Sentyabr-dekabr ayları müddətində BMT-nin 75-ci Baş Assambleyası keçiriləcək. Bu il koronavirus infeksiyasının yayılması fonunda tətbiq olunan məhdudiyyətlərlə əlaqədar olaraq ali səviyyəli tədbir video təqdimatlar formatında baş tutacaq. Ancaq arzu olunarsa, liderlər təşkilatın Mənzil-Qərargahına gedə bilərlər.

75-ci iclasın layihə gündəliyinə Ukraynanın müvəqqəti işğal altında olan ərazilərindəki vəziyyət məsələsi daxildir. Bu qətnaməni əksər dünya ölkələri ilə yanaşı, Azərbaycan da dəstəkləyib. Ancaq Ermənistan əleyhinə səs verib.

Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin rəhbəri, hüquq elmləri doktoru, professor Aleksandr Merejko media.az-a verdiyi şərhdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini BMT daxil olmaqla müxtəlif beynəlxalq platformalarda dəstəkləməsini Ukrayna dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan bu məsələdə hər zaman prinsipial mövqe tutub və bu mövqeyini də saxlayır.

“Ukrayna da öz növbəsində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləməyə hazırdır. Beynəlxalq arenada biz birik və diplomatik səylərimizi koordinasiya edirik.

BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsini dəstəkləməyin Azərbaycan üçün asan olmadığını başa düşürük. Çünki Bakının Kiyevi dəstəkləməməsi üçün Azərbaycana təzyiq göstərməyə çalışan xarici qüvvələr var. Azərbaycan hökuməti bu təzyiqlərə boyun əymir və Ukraynaya qarşı dost mövqe tutmağa davam edir. Biz bunu çox qiymətləndiririk. Biz işğal olunmuş ərazilərin tamamilə azad edilməsinin xarici siyasətdə əməkdaşlığımız və xalqlarımızın səmimi dostluğu sayəsində mümkün olacağını anlayırıq”, – deyə Aleksandr Merejko vurğulayıb.

  •  (0)
  •  (0)