AİB sədri: “DGK-da İctimai Şura da yaradıblar, heç bir fəaliyyəti yoxdur”backend

AİB sədri: “DGK-da İctimai Şura da yaradıblar, heç bir fəaliyyəti yoxdur”

Eyyub Hüseynov: “Gömrük orqanları qaçaqmal məhsulları axtarırsa, “Sədərək” bazarına getsinlər”

Əhalinin şəxsi istifadəsi üçün nəzərdə tutulan məhsulların gömrük orqanları tərəfindən gecikdirilməsi, süründürməçiliyi salınması ilə bağlı şikayətlər artmaqdadır. Hər gün bu barədə yeni-yeni məlumatlar daxil olur.

İddialara görə, gömrük orqanları beynəlxalq kuryer şirkətləri tərəfindən ölkəyə qaçaqmal məhsullar idxal edildiyini aşkar edib və bundan sonra yerli kuryer şirkətlərinə qarşı da əsassız hücumlara start verib. Bu isə öz növbəsində kuryer fəaliyyəti ilə məşğul olan sahibkarların ciddi narazılığına, məhsulların gecikməsinə və onların zərərə düşməsinə səbəb olur. Nəzərə alsaq ki, son illər yerli istehlakçılar geyim məhsullarını daha ucuz qiymətə xarici bazarlardan, əsasən də Türkiyədən idxal edirlər, bu həm də istehlakçılarının hüquqlarının pozulması deməkdir.

Qeyd edək ki, gömrük orqanlarının sahibkarların maraqlarının əleyhinə yönələn fəaliyyəti ilə müzakirələr vaxtaşırı olaraq gündəmə gəlsə də, Dövlət Gömrük Komitəsi bunun qarşısını almır. Bütün bunların fonunda isə cəmiyyətdə komitənin özünün bunda maraqlı olmasına dair təsəvvürlər formalaşır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hokm.az-a açıqlamasında bildirib ki, Azərbaycanda gömrük orqanlarının fəaliyyəti ilə bağlı müzakirələr yeni deyil: “Bu gün elə bir vəziyyət yaranıb ki, Azərbaycanda sahibkarların hüquqlarını qoruyan qurum yoxdur. Hamı günahı öz üzərindən atmağa, məsuliyyətdən yayınmağa çalışır. Onlara edilən müraciətlərə bir çox hallarda belə cavab verirlər ki, gedin məhkəməyə müraciət edin. Əgər bütün problemlər məhkəmələrdə həllini tapırsa, o zaman bu qurumların fəaliyyətinə nə ehtiyac var?! Gəlin özümüzü aldatmayaq. İctimai rəyi çaşdırmaqla, Azərbaycanda sahibkarlıq üçün münbit şərait var deməklə, buna nail olmaq mümkün deyil. Əgər sahibkar pul qazanmayacaqsa, bu halda ya işçilərinə maaş verə bilməyəcək, ya da çox az verəcək. Nəticədə əhalinin maddi vəziyyəti daha da pisləşəcək. Ya da sahibkar qiymətləri qaldıracaq. Bu da istehlakçıya vurulan zərbə deməkdir. İstehlakçılardan daxil olan çoxsaylı şikayətlərlə bağlı İqtisadiyyat Nazirliyinə etdiyimiz çoxsalyı müraciətlərə reaksiya verilmir. Gömrük orqanlarında vəziyyət bundan da pisdir”.

AİB sədrinin sözlərinə görə, gömrük orqanları qaçaqmal məhsulları axtarırsa, “Sədərək” bazarına getsinlər: ““Sədərək” bazarı qaçalmaq məhsullarla doludur. Bununla bağlı dəfələrlə şikayətlər almışıq. Müraciət də etmişik, heç bir tədbir görülmür. Bakının girəcəyində qaçaqmal məhsullar satılır, bunlar isə əhalinin gətirdiyi geyim-keçimdə qaçaqmal axtarırlar. “İctimai iştirakçılıq” haqqında qanuna görə, dövlət qurumlarında şəffaflığı təmin etmək üçün ictimai şuralar yaradılıb. Dövlət Gömrük Komitəsində də belə bir şura yaradıblar. Guya ki, gömrük orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək, şəffaflığın təmin edilməsinə dəstək verəcək. Heç bir fəaliyyəti də yoxdur. Yalnız kağız üzərində mövcuddurlar. Bu gün Azərbaycanda sahibkarlar tam hüquqsuz durumdadırlar. Hesab edirəm ki, dövlət bu kimi neqativ halların qarşısını almaq üçün dərhal hərəkətə keçməlidir. Əks halda vəziyyət nəinki düzəlməyəcək, əksinə, bundan da pis olacaq” – Hüseynov fikrini tamamlayır.

Mikayıl Mirzəzadə
Hokm.az

  •  (1)
  •  (0)