İndiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir.
Hokm.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinə dair son açıqlamana münasibət bildirib.
Politoloq hesab edir ki, Qarabağ hər günümüzün problemidir:
“Lavrov faktiki olaraq Qarabağla bağlı referendumun vacibliyinə işarə etdi. Lavrovun da nəzərinə çatdırmaq lazımdır ki, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin Qarabağa köçürülməsindən sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməzlər. Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi”.
Politoloq vurğulayıb ki, şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşmışıb:
“Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, məhz İrəvan ilk əvvəl mərhələli həll variantı haqqında düşünməli, Madrid prinsiplərinin ilkin mərhələlərində qeyd olunmuş – ətraf rayonları Azərbaycana qaytarmalıdır. Rusiyada Dağlıq Qarabağ münaqişəsinə iki baxış mövcuddur. Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status – kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq XİN dəstəkləyir. İkinci mövqeyə əsasən – Ağdam, Fizuli və daha 2 -3 rayon qaytarılmalı, bunun əvəzində isə, Azərbaycan Avrasiya İttifaqı və KTMT-yə daxil olmalıdır”.
















