Ağacın kəsilməsini Şəfiqə Məmmədova xahiş edib – Nəsimi bələdiyyəsindən AÇIQLAMAbackend

Ağacın kəsilməsini Şəfiqə Məmmədova xahiş edib – Nəsimi bələdiyyəsindən AÇIQLAMA

Nəsimi rayon Bələdiyyəsi ağacların kəsilərək parlanma yerinin salınması ilə bağlı açıqlama yayıb.

Qurumdan Hokm.az-a daxil olan məlumatda bildirilib ki, bələdiyyə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanındakı ağacların götürülməsi zamanı hər hansı hüquq pozuntusu törətməyib.

“Ümumiyyətlə, həmin ağacları kəsməmiş və digər qanunsuz hərəkətlərə yol verməmişdir. Bələdiyyə Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”ndan irəli gələn vəzifələrini yerinə yetirmişdir. Həmin qaydanın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədova 23.02.2022-ci il tarixli məktubla bələdiyyəyə müraciət edərək Prezident İlham Əliyevin tapşırığına əsasən 2022-ci ilin yanvar ayından Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında, əvvəllər AZƏRTAC-ın yerləşdiyi binanın 2-ci mərtəbəsində məskunlaşdığını, yaşadığı binanın qarşısında çoxdan qurumuş və yaşlı ağacın binanın ümumi görünüşünü və prospektin mənzərəsini korladığını və həmin qurumuş ağacın kəsilib götürülməsinə köməklik göstərilməsini xahiş edib. Bələdiyyə 01-209/02-288 saylı 24.02.2022-ci il tarixli məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərova müraciət edərək həmin ağaclar barəsində ekspertiza rəyinin verilməsini xahiş edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən məktuba baxıldıqdan sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı 1 ədəd Safora (d232sm) ağacın yarıquru və gövdəsi çürüyərək qəzalı vəziyyətdə olduğu üçün yerində yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsinə dair 03.03.2022-ci il tarixdə ER-22/220 saylı rəy verilib. Bundan sonra Nəsimi bələdiyyəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “Yaşıllıqların götürülməsi barədə” müraciət ünvanlanıb.
Nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyininin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında bir ədəd ağac götürülüb və yerində yeni ağac tingi əkilib. Ağacın götürülməsi və yerində yeni tingin əkilməsi barədə şəkillər çəkilib.

Ümumiyyətlə, həmin ərazidə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın ərizəsi ilə yalnız bir ağac götürülüb və yerində yeni ağac əkilib. Odur ki, sonradan həmin ərazidə digər ağacların kəsilməsi və yerində dayanacaq salınması ilə əlaqədar görülmüş işlərdə bələdiyyənin hər hansı iştirakı olmayıb. Bildiririk ki, sözügedən ərazi bələdiyyənin mülkiyyətində deyil”, – deyə açıqlamada bildirilir.

  •  (0)
  •  (0)