ADU THİK sədri vəzifəsində dəyişiklik olubbackend

ADU THİK sədri vəzifəsində dəyişiklik olub

Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar onlayn hesabat-seçki konfransı keçirilib.

Konfransda təşkilatın son il yarımlıq fəaliyyəti barədə sədr Şahin Sərdarlı hesabat verib. Bildirib ki, bu müddət ərzində sosial şəbəkələrdə başladılan müxtəlif kampaniyalar vasitəsilə 36 tələbənin təhsil haqqı xərcləri ödənilib, bir tələbənin tam dörd illik təhsil xərcləri qarşılanıb, dörd il boyunca bir şirkət tərəfindən hər ay 100 manatlıq təqaüd ayrılıb: “50 nəfərdən çox tələbə sosial şəbəkələrdə başladılan kampaniyalarla əlavə təqaüd qazanıb. 60-dan çox tələbə işlə təmin edilib. Bu müddət ərzində 200-dən çox tələbənin yataqxana xərcləri ADU THİK tərəfindən qarşılanıb. Ümumilikdə bu zaman ərzində 400-ə yaxın tələbəyə maddi dəstək göstərilib. 10 nəfər tələbənin müalicə xərcləri qarşılanıb. Yataqxanada tələbələrin yaşam şəraitini yaxşılaşdırmaq məqsədilə bir çox işlər görülüb, yataqxanaya 100-dən çox bədii kitab alınıb. Pandemiya dövründə 110 nəfər tələbənin hər birinə birdəfəlik maddi yardım göstərilib, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ADU THİK tərəfindən maliyyə dəstəyi göstərilib. Bundan başqa ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr üçün bir neçə dəfə ərzaq yardımı verilib, həmçinin mart yaşı 65-dən yuxarı olan professor-müəllimlərimizə də bayram sovqatları çatdırılıb. Günümüzədək ADU THİK tərəfindən çox uğurlu layihələr icra olunub. Ötən il 22 İyul – Milli Mətbuat Günü münasibətilə universitetimizdə geniş bir tədbir keçirilib, KİV-lər və xəbər portalları THİK tərəfindən mükafatlandırılıb. Ümumilikdə tələbələrimiz tərəfindən daxil olmuş 1000-dən çox müraciətə baxılıb, 90 faizdən çoxu müsbət həllini tapıb. Bir neçə həftə öncə ADU THİK-in maliyyə dəstəyi ilə tələbəmizin şeirlər kitabı dərc edilib. Hələ sadalanacaq daha çox gördüyümüz işlərimiz var. Bir sözlə, THİK öz dəsti xətti ilə “hər şey tələbə üçün” devizini uğurla doğruldub”.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək hesabat məruzəsində səslənən məsələlərə münasibət bildirib. Qeyd edib ki, Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi həqiqətən də öz dəsti-xətti ilə seçilib, həyata keçirdiyi layihələr uğurlu nəticələr verib. M.Cəfərzadə bildirib ki, bir neçə gün öncə sədr Şahin Sərdarlı həmkarlar ittifaqlarında səmərəli fəaliyyəti ilə əlaqədar ATİAHİ RK-nın Fəxri Fərmanı ilə də mükafatlandırlıb.

Sonda isə təşkilati məsələyə baxılıb. Şahin Sərdarlının hərbi xidmətə yola düşməsi ilə əlaqədar THİK sədrliyindən çıxmasıyla bağlı yazdığı ərizə müzakirə edilib. Göstərdiyi fəaliyyətə görə təşkilatın idarə heyəti tərəfindən sədrə Təşəkkür elan edilib. İclasın qərarı ilə Şahin Sərdarlı ADU THİK sədri vəzifəsindən azad olunub. Digər qərarla isə Hüseynova Zəhra Ramiz qızı THİK sədri vəzifəsinə seçilib. Qeyd edək ki, Zəhra Hüseynova bundan öncə ADU TEC sədri vəzifəsində çalışıb.

  •  (0)
  •  (0)