64 saylı Sabirabad ikinci seçki dairəsindən namizədliyini irəli sürmüş Əhədova Dilşad Meyxoş qızı bəyanat yayıb.
Buta.ws həmin bəyanatı təqdim edir:
Cənab Prezident!
Cənab Məzahir Pənahov!
Əziz seçicilərim!
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar Milli Məclisə seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsinin 39 məntəqəsində baş verən ciddi qanun pozuntuları seçiciĺərin hiddətinə səbəb olmuşdur. DSK tərəfindən müşahidəçilərimin qeydə alınmaması ilə mən əzəl başdan qanun pozuntusuna məruz qaldım. Daha sonra seçki prosesi zamanı mənim qeyri-rəsmi müşahidəçilərimin məntəqədən çöldə seçkiyə gələnlərin sayını özlərində qeyd apardıqları halda, sonda səsvermədə iştirak edənlərin sayının 10 dəfəyədək artırılıb protokolların yazılması açıq-aşkar ciddi qanun pozuntusunun bariz nümunəsidir. Seçkidən sonra əksər kəndlərdə seçicilərimlə təkrar görüşüb deputatlığı elan olunan namizədə olan münasibəti öyrəndim. Bütün seçicilərimin “biz ona səs verməmişik” demələri bir daha seçkinin saxtalaşdırılmasına sübutdur. Seçicilərimdən mənə deyilən məlumatlara əsasən deyə bilərəm ki, topa-topa büllitenlərin seçki qutusuna atılması faktları əksər məntəqələrdə baş vermişdir. Mən namizəd kimi bütün bu ciddi qanun pozuntularına etiraz edərək 64 saylı Sabirabad ikinci seçki dairəsinin yekun nəticələrinin ləğv olunmasını tələb edirəm.
















