6 aya xərclənən 684 min manat… – MEDİA bu pulla nəyi dəyişə bilib?backend

6 aya xərclənən 684 min manat… – MEDİA bu pulla nəyi dəyişə bilib?

Ötən ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. 

Çoxsaylı şikayətlər, faktlar nəticəsində KİVDF-nin fəaliyyəti araşdırıldı, nəticədə qurumun sədri Vüqar Səfərli həbs edildi. Bir neçə gün əvvəl isə məhkəmənin hökmü ilə V.Səfərli 10 il 6 ay azadlıqdan məhrum edildi. Bununla da KİVDF adlanan qurumla bağlı müzakirələr, araşdırmalar bitmiş sayıldı.

Bizimxeber.az bildirir ki, artıq bir ildir yaradılan KİVDF-nin balansında Medianın İnkişafı Agentliyinə isə Əhməd İsmayılov rəhbər təyin edilib. Yəni bu qurumda baş verənlərə bir ildir Ə.İsmayılov məsuldur.

“Mətbuatçı” olmayan, sahənin məlum problemlərini dərindən bilməyən Ə.İsmayılov qismən də olsa yeni layihələrə işıq salmağa çalışan kimi görünür və ya görünmək istəyir. Hərçənd ki, bu layihələrin hələlik ciddi nəticələri yoxdur, amma ümumi anlayışda hərəkət hiss olunur.

Layihələrdən birinə diqqət edək.

Müsbət hesab etdikləri tendensiyalardan biri – uzun illərdir müzakirə olunan elektron informasiya portallarına maliyyə dəstəyinin verilməsinə nail olunub. 38 media subyekti ayda 3 min manat olmaqla maliyyə dəstəyi ilə təmin edilib.

Prosess “bu maliyyələşmə mətbuatın inkişafına, müstəqilliyinə ciddi ziyan vuracaq” kimi müzakirələri ortaya çıxarsa belə layihə başlayıb.

Diqqət etməli olduğumuz ciddi məqam.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi,
fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin böyük hərflərlə yazılan Q A Y D A L A R I-nın 6.3-cü bəndində yazılır…

6.3. Qalib elan edilmiş ictimai-siyasi məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) Agentlik tərəfindən maliyyə yardımı göstərilən dövr ərzində həftədə bir dəfə aşağıdakı sahələrdən hər hansı biri üzrə materialın hazırlanaraq dərc olunmasını təmin edirlər:

6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

6.3.9. azərbaycançılıq ideyasının təbliği; 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

6.4. Bu Qaydaların 6.3-cü bəndində nəzərdə tutulan materiallar hər növbəti ay əvvəlkindən fərqli sahədə (sahələrdə) yazılmalıdır.

Qalib olmuş 38 media subyekti son 6 ay ərzində bu qaydalara əməl edə bildimi?

Ümumiyyətlə, MEDİA bu yazıların statistikasını aparıbmı?

Aparıbsa, nədən yeni layihə elan edilmədən açıqlanmadı?

Hansı sayt qoyulmuş şərtlərə tam cavab verib, hansılar verməyib?

Ümumyyətlə, layihədə qalib olan media subyektləri ayrılan 3 min manatın xərclənməsini tam qanuni həyata keçiribmi?

Yeyinti faktları olmayıb ki?

Ən sadə sual – ofis pulunun ödənilməsi, reyesteri, vergi ödəmələri hər biri qaydasındadırmı?

Çünki söhbət bu böyük layihə üçün 38 media subyektinə aylıq verilən 3 min və ümumi olaraq 6 aylıq 684 min manat puldan gedir.

38 redaksiyanın hər biri 6 ay ərzində 18 min manat yardım alıb. Bu yardımdan irəli gələn müsbət tendensiyalar varmı?

Pullar Vüqar Səfərlinin etdkləri kimi havaya sovrulmayıb ki?

Məsələn, bu 6 ay ərzində 38 media subyekti oxunma sayını qaldıra bilibmi?

Yaxud maliyyə imkanları qismən düzəlmiş neçə sayt heç olmasa 2 reklam əldə edib?

Əhməd İsmayılov gərək bu suallara cavab versin, rəqəmlər açıqlasın, inkişaf dinamikasını göstəsin.

Nəticə varmı? Yoxdursa nədən dövlətin pullarını havaya sovuraq?

Bir sözlə dövlət büdcəsindən tək onlayn media subyektlərinə ayrılan 684 min manat necə xərclənib?

Bütün sadalanan suallara aidiyyatı qurumların araşdırmaları aydınlıq gətirməlidir. 

Ölkəmizdə son illər korrupsiya faktları ilə bağlı xeyrli sayda məmur həbs olunub. Onların məhkəmə istintaqı zamanı 100 milyon manatlarla dövlət büdcəsini taladıqları ortaya çıxıb.

Həmçnin araşdırmalar zamanı bəlli olub ki, korrupsiya ilə məşğul olan məmurların fəaliyyəti uzun illər yoxlanmayıb. Bu səbəbdən də dövlət büdcəsini istədikləri kimi həzm ediblər.

Bu baxımdan aidiyyatı qurumlar 6 aya 684 min manat pul xərclənən bu kimi böyük layihələri vaxtında və dəqiqliklə yoxlamalıdır.

Qaldı ki, hesabatların verilməsinə, bu o demək deyil hər şey qaydasındadır. Həbs olunan bütün məmurlar hesabatlarını verirdi və hər şey qaydasında idi. Amma sonradan bəlli oldu ki, hesabatlar sisirdilmişdir, yalnışdır və sairə.

Odur ki, Maliyyə Nazirliyi, Hesablama palatası, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi MEDİA-nın bir layihə üçün son 6 aya xərclədiyi 684 min manatı incələməlidir. Bu həm MEDİA-nın şəffav olmasını cəmiyyətə isbatlamaqdır, həm də yoxlama aparan qurumların işinin asanlaşdırılması üçün…

Bizimxeber.az

  •  (0)
  •  (0)