559 qazanxana, 90 istilik məntəqəsi işləyirsə, vətəndaş niyə evdə donur?backend

559 qazanxana, 90 istilik məntəqəsi işləyirsə, vətəndaş niyə evdə donur?

Bakının Suraxanı, Xətai, Nizami, Binəqədi və digər bir neçə rayonunda yaşayış binalarına istilik verilmir.

Bu barədə oxu.az-ın redaksiyasına çoxsaylı şikayətlər daxil olub. Vətəndaşlar deyir ki, belə küləkli havada mənzillərin “otopleniya”larında (istilik sistemləri) istilik yoxdur.

Konkretləşdirsək, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Nizami İsmayılov 4/21, Nizami rayonu Bəhruz Nuriyev 31, Binəqədi rayonu yeddinci mikrorayon, Xətai rayonu Xudu Məmmədov küçələrində yaşayan sakinlər binalarda zərrə qədər istiliyin verilmədiyini deyirlər. Payız-qış mövsümü başlayıb lakin vətəndaşlar evlərində soyuqdan otura bilmədiklərini deyərək, şikayət edirlər.

Şikayətlərinə isə təəssüf ki, baxan yoxdur. Qurumlar vətəndaşları, vətəndaşlar da qurumları yalan məlumat verməkdə günahlandırır. Bizim redaksiyaya hələ paytaxtın ən azı dörd rayonu üzrə vətəndaşlardan istiliyin verilmədiyinə dair şikayətin gəldiyini nəzərə alsaq, vətəndaşların toplu halda yalan məlumat verdiyinə inanmaq azı sadəlövhlük olardı.

Məsələ burasındadır ki, dünən “Azəristiliktəchizat” ASC-nin yaydığı məlumatda noyabrın 15-dən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanıldığı qeyd edilib.

Üstəlik qurumun işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3 870 yaşayış binası və həmin binalarında olan 184 minə yaxın mənzilə istilik verdiyi elan edilib. Belə olan halda vətəndaşlara da, bizə də maraqlı qalır ki, sözügedən 559 qazanxana və 90 istilik məntəqəsi Bakının hansı ərazisinə düşür?

Çünki qurum iddia edir ki, 3 870 yaşayış binası və həmin yaşayış binalarındakı 184 minə yaxın mənzilə istilik verilir. Vətəndaşların tək çarəsi ona qalıb ki, evlərini satıb həmin istilik verilən binalardan özlərinə bir göz mənzil alıb, payız-qış mövsümündə soyuqdan donmaqdan xilas olsunlar.

Onu da qeyd edək ki, qurumların öz aralarında bir-birinə olan borcunun, vaxtında həll olunmayan hər hansı digər problemlərin zülmünü vətəndaş ödəməli deyil. İstənilən problem yarandığı zaman məsələ bu səviyyəyə çatmamış həll olunsa, daha yaxşı olar.

  •  (0)
  •  (0)