Azərbaycan Prezidenti dünya liderlərinin etmədiyini edəcək – Nümunəvi addımbackend

Azərbaycan Prezidenti dünya liderlərinin etmədiyini edəcək – Nümunəvi addım

Bir ildən artıqdır ki, dünyanı aciz duruma salan COVİD-19 bəlasından xilas olmaq üçün yekun işlər hələ də tamamlanmaq bilmir. Bütün pandemiyaların sonunun vaksinasiya olduğunu bildirən mütəxəssislər yeni ştammları aşkar olunan koronavirusun təsirini azaltmaq yollarını axtarmaq məcburiyyətindədirlər. Qaydalar sadə olduğu qədər çətin və dözümsüzdür. Lakin Azərbaycan höküməti COVİD-in yayılmasının qarşısını almaq üçün yanvarın 18-dən etibarən hələ də bir çox dövlətlərin tətbiq etmədiyi vaksinasiya prosesinə start verdi. Bununla da epidemioloji vəziyyətin dünyanın bir çox ölkələrindən fərqli olaraq normallaşdığı ölkəmizdə peyvəndləməyə başlanması COVİD bəlasından xilas olacağımız günün uzaqda olmadığına ümidləndirir. Lakin dünyadakı “ədalətsiz vaksin bölgüsü” kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşlarının taleyini sual altına qoyur. Elə Prezident İlham Əliyev də ötən gün Azərbaycan Televiziyasına müsahibəsi zamanı bu məsələyə xüsusi diqqət çəkdi.

Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? 

Prezident müsahibəsində istehsalından sonra COVİD-dən çıxış yolu hesab edilən vaksinin qeyri-ədalətli bölünməsini xüsusilə qabardaraq inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər lazımi çağırışların edilməməyindən narahatlığını dilə gətirib. Dövlət başçısı bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalaraq, artıq dünya arenasında bu məsələni qaldırmağı planlaşdırır. Sədrliyi öz üzərinə götürərkən Azərbaycanın beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini xatırladan Prezident, bütün üzv ölkələrin maraqlarını müdafiə etmək üçün əlindən gələni əsirgəməyəcəyini sözlərinə əlavə edib. Super güc dövlətlərinin əksəriyyətinin liderlərinin başı müxtəlif regionlarda ərazi iddialarına, şəxsi maraqlarının müdafiəsinə qarışdığı bir vaxtda ağır müharibədən çıxan Azərbaycanın dövlət başçısının kasıb dövlətlərin vətəndaşlarının müdafiəsinə, onların haqlarının tələbinə qalxması onun tək Azərbaycan üçün yox, eyni zamanda dünya üçün çox əhəmiyyətli bir lider olduğunu göstərir. Nəzərə alsaq ki, vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər, Azərbaycan Prezidentinin bu çıxışının dünya insanı üçün nə dərəcədə önəm kəsb etdiyini söyləməyə gərək yoxdur.

İnsan kapitalı fəaliyyətinin ana xəttini təşkil edən dövlət başçısının bu mövqeyi özünün də qeyd etdiyi kimi hakimiyyətə gəldiyi ilk gündən dəyişməyib: “Səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi”. Pandemiyanın yayılmağa başladığı ilk gündən etbarən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün bütün gücünü ortaya qoyan Azərbaycanın bu istiqamətdəki fəaliyyəti barədə dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup”un yerli əhali arasında apardığı təhlil-rəy sorğusu (vətəndaşların 86 faizi dövlətin pandemiyaya qarşı bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir) Prezidentin dediklərinin əyani təsdiqidir. milli.az

  •  (0)
  •  (0)