Koronavirusun yeni forması: Haqqında nə bilirik?backend

Koronavirusun yeni forması: Haqqında nə bilirik?

Dekabrın ortalarında Britaniyada koronavirusun mutasiyaya uğramış yeni forması aşkarlanıb.

Artıq Almaniya, Fransa İtaliya və Kanada Britaniyadan uçuşları dayandırıblar. Manş tuneli vasitəsilə qatar xidmətləri də təxirə salınıb.

Hokm.az BBC-yə istinadən xəbər verir ki, yeni formanın 70%-dək daha yoluxucu olduğu qeyd olunsa da, bunun daha ölümcül olduğuna dair heç bir dəlil yoxdur.

Bir çox ölkələr Britaniyaya uçuşları dayandırıblar

Bəs necə oldu ki, son günlərədək varlığından xəbərdar olmadığımız yeni forma bu qədər sürətlə yayılmağa başladı?

COVID-19 infeksiyasına qarşı görülən tədbirlər ilkin mərhələdə olduğu üçün dünya səhiyyəsinin qarşısında böyük suallar və qeyri-müəyyənliklər var. Virus mutasiyaya uğramaqda davam edir və bu səbəbdən onun davranışını daim diqqətdə saxlamaq lazımdır.

Bütün bunlar koronavirusun mutasiyaya uğramış yeni formasının daha sürətlə və asanlıqla yayılmasına şərait yaradır.

Yeni forma adlandırılsa da, ilk dəfə bu növə sentyabrda rast gəlinib. Noyabr ayınadək Londonda yoluxma hallarının dörddə-biri yeni növə aid edilib. Dekabrın ortalarında isə bu göstərici üçdə-ikiyə yüksəlib.

Variantın Britaniyadakı bir xəstədə meydana gəldiyi və ya koronavirus mutasiyalarını monitorinq qabiliyyəti daha aşağı bir ölkədən gəldiyi düşünülür. İstənilən halda, ən münasib açıqlama virusun infeksiyaya qalib gələ bilməyən immun sistemi zəif bir xəstənin orqanizmində yaranmasıdır.

Hazırda bu növə Şimali İrlandiya xaricində Böyük Britaniyada, xüsusilə London, İngiltərənin cənub-şərqi və şərqində rast gəlmək mümkündür. Ölkənin digər hissələrində yeni növ yoluxmalar elə də müşahidə edilmir.

Bu, koronavirusun mutasiyaya uğramış ilk formasıdır?

Xeyr.

İlk dəfə Çinin Uhan şəhərində aşkarlanan COVID-19 infeksiyası hazırda dünyanın əksər nöqtələrində rast gəlinən virusla eyni deyil.

Virusun D614G adlı mutasiyası Avropada ilk dəfə fevral ayında meydana gəlib və virusun bütün dünyada dominant formasına çevrilib.

A222V adlanan daha bir mutasiya isə yay aylarında İspaniyada meydana gəlib.

Yeni növ mutasiyaların digərlərindən daha ölümcül olması ilə bağlı heç bir dəlil olmasa da, onun daha tez və sürətlə yayılması əlavə problemlərin yaranmasına kifayət edir.

Hazırda dünya ölkələri COVID-19 əleyhinə 3 başlıca peyvəndi sınaqdan keçirir

COVID-19 əleyhinə peyvəndlər yeni formaya qarşı təsirlidirmi?

Mütəxəssislər bu suala hələ ki, müsbət cavab verirlər.

Məsələ burasındadır ki, hazırda dünya səhiyyəsində tətbiq edilən üç qabaqcıl peyvənd bədəndə mövcud COVID-19 infeksiyasına qarşı immunitet yaradır. Peyvənd immun sistemində dolanaraq virusun müxtəlif hissələrinə qarşı mübarizə aparır, bu isə o deməkdir ki, infeksiyanın bir hissəsi yenicə mutasiyaya uğramış olsa belə, peyvənd ona təsir göstərməlidir.

Bununla belə, Kembric Universitetinin professoru Ravi Qupta yeni formanın səhiyyə üçün əlavə narahatlıq doğurduğunu gizlətməyib:

“Yeni mutasiya sürətlə yayılır. Peyvəndlər tətbiq etsək də, virus bu sürətlə mutasiyaya uğramağa davam etsə, vəziyyət heç də ürəkaçan olmayacaq. Bu virus vaksinasiyadan yayına bilər, o, bunun üçün ilk addımı belə atıb”, – deyə Qupta bildirib.

Virus dəyişməyə davam etdikcə mövcud peyvəndin tam təsirindən yayına bilir və beləcə insanlara yoluxmaqda davam edir. Hazırda mütəxəssisləri həyəcanlandıran əsas məsələ də məhz budur.

Hətta vəziyyət o həddə çata bilər ki, COVID-19 infeksiyası daim özünü yeniləməklə mövcud peyvəndləri də yenilənməyə və dəyişməyə məcbur edə bilər.

Xoşbəxtlikdən, hazırda tətbiq olunan mövcud peyvəndlərin virusun yeni formalarına adaptasiyası elə də mürəkkəb hesab edilmir.

  •  (0)
  •  (0)