44 günlük Qarabağ müharibəsinin ildönümü – “Foreign Policy News”dabackend

44 günlük Qarabağ müharibəsinin ildönümü – “Foreign Policy News”da

Amerikada çıxan “Foreign Policy News” nəşrində “Ermənilər və azərbaycanlılar 44 günlük Qarabağ müharibəsinin ildönümünü qeyd edirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə sentyabrın 27-də keçən ilin həmin günündə başlanmış silahlı münaqişənin birinci ildönümünün Azərbaycanda və Ermənistanda qeyd olunmasından bəhs edilir. 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan Qarabağın xeyli hissəsi üzərində nəzarəti bərpa etməyə nail olub. Qarabağda vəziyyət hələ 2020-ci il iyul ayında gərginləşməyə başlamışdı. O vaxt erməni qoşunları Qarabağda əsas münaqişə zonasından xeyli uzaqda yerləşən Tovuz rayonunda Azərbaycan ordusunun mövqelərinə hücum etdilər. Avqust ayında Qarabağda təmas xəttində ermənilərin təxribat qrupu zərərsizləşdirildi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələri artilleriya atəşlərinə məruz qalandan sonra Azərbaycan tammiqyaslı əks-hücuma keçdi.

Altı həftə davam etmiş bu silahlı münaqişə müddətində Azərbaycan Ermənistanın rəhbərliyinə danışıqlar masası arxasına qayıtmağı, Dağlıq Qarabağ ətrafındakı rayonları tərk etməyi və sülh danışıqlarına başlamağı təklif edirdi. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, işğalçı erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrini yerinə yetirir, BMT Nizamnaməsinin BMT üzvü olan dövlətə özünümüdafiə hüququ verən 51-ci maddəsində müvafiq hərəkət edir.

Məqalədə vurğulanır ki, erməni qoşunlarının çıxarılması qrafikini müəyyən etmək barədə Bakının təklifi ermənilər tərəfindən qəbul edilmədi. Erməni tərəfi tam səfərbərlik elan etməklə bərabər, yaxın mənzilli ballistik raketlərlə Azərbaycanın Gəncə və Bərdə kimi iri şəhərlərinə hücum etdi. Nəticədə Azərbaycanın 100-ə yaxın dinc vətəndaşı həlak oldu. Azərbaycanın cavabı kifayət qədər sürətli, lakin müharibə qaydaları çərçivəsində olub. Bakı hərbi obyektlərə zərbələri gücləndirdi və iri yaşayış məntəqələrindən, o cümlədən azərbaycanlıların mədəni paytaxt hesab etdikləri alınmaz qala Şuşa şəhərindən erməni qoşunlarını qovdu.

Məqalədə daha sonra deyilir ki, Azərbaycan Prezidentinin bu həftə bəyan etdiyinə görə Şuşada yeni müasir evlər tikiləndən sonra bu şəhərin sakinləri bir il ərzində öz torpaqlarına qayıda biləcəklər. Əgər Qarabağ erməniləri yenidən Azərbaycan vətəndaşları olmağa razılaşalar, rəsmi Bakı onların Azərbaycan cəmiyyətinə reinteqrasiya olunacağını vəd edib.

  •  (0)
  •  (0)