Biz tez-tez müxtəlif layihələrlə bağlı bölgələrə səfər edirik. Ən son getdiyim, rayonlar Şəmkir, Gədəbəy, Tovuz, Qazax olubdur. Son dövrlərdə ordakı inkişaf (hər sahədə) adamı valeh edir. Çox təəssüf ki, bu cür inkişaflardan mənim doğulduğum rayon ayrı düşüb, bəlkə də ayrı salıblar.
İnsanlarımı tənbəldir? – Xeyir! Biz ailədə on nəfər olmuşuq. Anam evdar qadın, atam isə müəllim işləyib. 6 övladın əsgər atası, əsgər anası olublar. Vətənimizin dar günündə Qarabağ müharibəsi başlayanda əzabla böyütdükləri övladlarını torpaqlarımızın müdafiəsi üçün döyüşlərə yola salıblar. Atamın müəllimlik maaşı bizim dolanışımıza yetməyəndə bellə hektarlarla yer şumlamışıq, buğda, kartof əkib-becərmişik…
Yardımlı əhalisinin demək olar ki, hamısı belə zəhmətkeş olub…
Təbiətimi əlverişli deyil? – Xeyir! Ən gözəl təbiəti olan rayonlarımızdan biridir. Ərazisinin üçdə bir hissəsi meşəlikdir. Meşələrdə qiymətli ağaclar (dəmirağac, fısdıq, vələs, palıd, ağcaqayın) , kol bitkiləri (itburnu, qaragilə, əzgil, quşarmudu və s.) bitir. Şəlaləsi, tarixi abidələri, burda turizminin inkişafı üçün ən gözəl şəraitlər var. Əgər istəsəydilər, turizm potensialı yüksək olan rayonumuzda turizm infrastrukturu inkişaf etdirə bilərdilər, iş yerləri aça bilərdilər. Yardımlı əhalisinin çox hissəsi Rusiyada, ən imkansızları isə Lökbatanda daş karxanasında (Karyerdə) işləyirlər. Çörək dalınca gedən bu insanların hamısı da olmasa, bir hissəsi həmin inkişafdan yararlana bilərdi…
Bəlkə dövlət vəsait ayırmır?-Bu da səbəb ola bilməz! Prezidentin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair, yolların tikintisi ilə bağlı (və s.) kifayət qədər sərəncamları var…
***
Hər dəfə Yardımlıya gedəndə geridəqalmanı, kasıblığı, qəribliyi gördükcə adamın ürəyi ağrıyır. Yardımlının nəinki ucqar kəndlərinin yolları, mərkəzi yolları bərbad gündədir. Bir ana heykəli var orada, burdan-ora daşıyırlar, ordan bura. Sovet vaxtından qalan elektrik dirəklərinin əksəriyyəti havadan asılı vəziyyətdə qalıb. Bir az külək əsən kimi elektrik kəsilir. Kəndlərinin bir-ikisini çıxmaqla, demək olar ki, hamısında qaz xətti, internet xətti yoxdur. Dəfələrlə qazın, internetin çəkilişi ilə bağlı müraciətlər olunsa da, xeyri olmayıb. Vətəndaşlara odunu biletlə satırlar və hətta bir çox hallarda pullarını alıb özlərinin keflərinə düşən vaxt odunlarını verir(b)lər. İmkansız ailələrə, Qarabağ veteranlarına sosial müavinətlərin verilməsi üçün çoxlarına “6 ayı mənim” şərtini qoyurlar…
Nə olsun Yardımlı ucqar rayondur.Yardımlı əhalisinə ögey münasibət bəsləməyin! Onların haqqını tapdalamayın! Qazını, internetini çəkin! Şikayətlərini dinləyin! Sosial müavinətlərə ehtiyacı olanların ehtiyaclarını təmin edin! Bu sizin vəzifə borcunuzdur! Necə ki, Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirir:“Məmur xalqın xidmətçisidir, o, vətəndaşa xidmət göstərməli, yekəxanalıq etməməlidir”.
Son dövürlər sosial şəbəkələrdə, xəbər saytlarında Yardımlıda icra başçısı müavini olan Mahir Mirzəyev haqqında xoşagəlməz yazılar paylaşılır. Bu qədər ciddi xəbər yayılır, qarşı tərəf susur. Təkcə bu məlumatlara saytlarda rast gəlmirəm, Yardımlıda olarkən insanların çoxundan eşitdim.
Hər halda od yanmayan yerdən tüstü çıxmaz! Əgər belə deyilsə, mətbuat konfransı keçirin, həmin saytlara açıqlama verin.
Bakıdan Yardımlının görünüşü ürək ağrıdır…Mən 304 km məsafədən bu ağrını hiss edirəmsə, o doğma yurdda yaşayan soydaşlarımın, qohumlarımın nələr çəkdiklərini yaxşı başa düşürəm, hallarına acıyıram.
Sərvər Kamranlı
AYB-nin üzvü,
Prezident təqaüdçüsü
















