“300 il ərzində Azərbaycanda bunu edən dövlət rəhbəri olmamışdı”backend

“300 il ərzində Azərbaycanda bunu edən dövlət rəhbəri olmamışdı”

Qələbəmizin 3 memarı var – Xalq, Azərbaycanın Ali Baş Komandanı və Müzəffər Ordumuz.

Bunu milli.az-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.

Xalq artisti bildirib ki, Vətən Müharibəsi Azərbaycan xalqını məğrur xalq kimi dünyaya bəyan etdi:

“Biz tarixən xalq olaraq çox böyük ərazilərə sahib olmuşuq. Yavaş-yavaş o əraziləri itirə-itirə Azərbaycanın gəlib 30 il bundan qabaqkı əraziləri qalıb. 1990-cı illərin əvvəllərində yenə də 20% torpağımızı itirdik. Biz ərazilərimizi belə itirə-itirə getmişik. Elə bil bir mif yaranmışd ki, azərbaycanlılar özlərini müdafiə də edə bilmirlər, onlar belə məzlum xalqdır. Amma son hadisələr, ərazi bütövlüyümüz uğrunda apardığımız bu Vətən Müharibəsi tam əksini sübut etdi. Bu müharibə təsdiq etdi ki, Azərbaycan xalqı mədəni, istedadlı, musiqiçi bir xalq olduğu qədər eləcə də özünü müdafiə də edə bilir, öz hərbi qüdrətini də göstərib, onu təsdiq də edə bilir. Azərbaycan xalqı özünü bir məğrur xalq kimi artıq təsdiq etdi və bunu dünyaya bəyan etdi.

Nadir şahdan bəri bunu edən dövlət rəhbəri olmayıb

Azərbaycanın Prezidenti İlham Əliyev prezident seçiləndə onun bir dənə ən vacib ifadəsi var idi: “Mən hər bir azərbaycanlının prezidenti olacam” və onu isbat etdi. O, ölkəyə rəhbərlik etdi. Azərbaycanın müstəqilliyini bərpa edən və hazırkı Azərbaycanı yaradan Heydər Əliyevin vəsiyyətinə əməl edərək onu icra etdi. Nadir şahdan bəri 300 il ərzində Azərbaycan torpaqlarını geri qaytaran dövlət rəhbəri olmayıb.

Bu gün bu qismət Prezident İham Əliyevə nəsib oldu. İlham Əliyev bu işi görə bildi. Onun bundan da başqa ən böyük və ən vacib olan əməli Azərbaycan xalqında ən lazımlı olan birliyi yarada bildi. Xalq Prezidentlə bir oldu. Prezidentin qeyd etdiyi kimi “dəmir yumruq” kimi oldu, düşmənin başını əzdi.

Azərbaycan əsgəri şərəfli missiyasını yerinə yetirə bildi

Ən müqəddəs missiyanı Azərbyacan əsgəri yerinə yetirdi. Bu gün Azərbaycanın ərazi bütövlüyünü öz canı, qanı bahasına təmin edən Azərbaycanın əsgəridir. Azərbaycan Prezidenti bu 17 il ərzində hərbi quruculuqla məşğul oldu, ölkəni gücləndirdi, əsgərini ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirdi və bu gün Azərbaycan əsgəri dünyada nümunəvi bir əsgərdir. Artıq bütün aparıcı dövlətlər Azərbaycanın apardığı bu müharibə taktikasını özünə bir nümunə götürüb və bunu öyrənir. Bəli, biz şəhidlər verdik. Allah bütün şəhdlərimizə rəhmət eləsin. Müharibə itkisiz olmur.

O Şuşa qalasını götürmək üçün bir qüdrət, bacarıq lazımdır. Onu dünyanın heç bir ordusu göstərə bilməzdi, onu ancaq azərbaycanlı, Azərbaycan əsgəri göstərə bilərdi. Çünki onun içində vətən yanğısı, vətən həsrəti var idi. Azərbaycan əsgəri bu gün şərəfli missiyasını beləcə yerinə yetirə bildi.

Bu müharibə bizi dəyişdi

Mən çox sevinirəm, mən bütün xalqım kimi sevinirəm, hər bir azərbaycanlı kimi sevinirəm. Azərbaycan əldə etdiyi müstəqilliyini, azadlığını, bütövlüyünü daha heç vaxt itirməyəcək. Bu müharibənin bizə çox böyük təsiri oldu, bu müharibə bizi dəyişdi, bu müharibə bizi mətin, məğrur etdi. Biz öz torpağımızın, öz xalqımızın qədrini bildik. Biz bir olduq, biz yumruq kimi birləşdik. Biz artıq bundan sonra başqa cür olmalıyıq. Biz artıq dünyada məğrur, başını yuxarı qaldırmış bir xalq kimi gəzə biləcəyik. Biz artıq əzilmiş xalq deyilik. Bu, böyük qələbədir. Bu, böyük qələbədir və bu qələbəyə görə mən öz əsgərimə, mən öz xalqıma və mən öz qətiyyətli Prezidentimə minnətdaram”.

  •  (1)
  •  (0)