Azərbaycan-Belarus münasibətləri: Belarusda puça çıxan “erməni xəyalları”backend

Azərbaycan-Belarus münasibətləri: Belarusda puça çıxan “erməni xəyalları”


Müasir dövrdə Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, sosial və digər sahələrdə  əlaqələri durmadan genişlənir. Bunun səbəbi isə Azərbaycanın dünyada etibarlı tərəfdaş olmasıdır. Azərbaycanın mühüm və yaxın tərəfdaş ölkələrindən biri də Belarus Respublikasıdır. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır. 2006-cı ilin fevral ayında Belarus Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılıb.. 20-21 noyabr 2013-cü il tarixində Belarus Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və Belarus Prezidentlərinin iştirakı ilə Belarusun Azərbaycandakı Səfirliyinin yeni binasının açılışı olub. Azərbaycan Respublikası və Belarus Respublikası arasında 137 sənəd imzalanıb.

Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. İki ölkə prezidentləri arasında isti münasibətlərin mövcudluğu, qısa müddətdə ikitərəfli münasibətlərin yeni – tərəfdaşlıq, əməkdaşlıq səviyyəsinə qalxması və siyasi dialoqun davam etdirilməsi, iki dövlət arasında əlaqələrin müvəffəqiyyətinə möhkəm zəmin yaradır.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış məsləhətləşmələr planına uyğun olaraq müxtəlif istiqamətlər üzrə məsləhətləşmələr həyata keçirilir. Sonuncu məsləhətləşmə 2014-cü ilin 19 iyun tarixində nazir müavinləri səviyyəsində  Bakı şəhərində keçirilib. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənəd “Azərbaycan Respublikası ilə Belarusla Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır.

Bu proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında humanitar və ticarət-iqtisadi əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır.

Prezident İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Azərbaycan–Belarusiya münasibətləri dinamik inkişaf edir. Bu, ilk növbədə prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. Məhz bu dostluq sayəsində Belarusilə siyasi, iqtisadi, sosial, hərbi, humanitar və digər sahələrdə əlaqələr ildən – ilə sürətlənib inkişaf edir.

Hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənib. Azərbaycan – Belarus Prezidentlərinin qarşılıqlı dostluq və işgüzar səfərləri iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Bu hər iki dövlət başçısının müstəqil siyasət yürütməsindən irəli gəlir. iki lider arasında əməkdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qalxmasına imkan verməkdədir. Ən çətin anlarda Azərbaycan Belarusun, Belarusda Azərbaycanın yanında olub.

Belarusun Azərbaycanda həyata keçirdiyi iri layihələrdən biri kimi Gəncə avtomobil zavodunu göstərmək olar. Eyni zamanda Azərbaycan nefti Bakı-Supsa boru kəməri vasitəsi ilə Belarusa nəql olunur. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ixrac potensialımız artıb. Elmi əməkdaşlıq yüksək səviyyədədir. İki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələr durmadan genişlənir və bir neçə ay bundan əvvəl Azərbaycan Belarusda Ticarət Evi açılıb. Eləcə də Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir. Münasibətlərin yüksək səviyyədə olması Beynəlxalq arenada da özünü göstərir. Azərbaycan və Belarusiya beynəlxalq təşkilatlarda bir-birini hər zaman dəstəkləyir.

Azərbaycanla-Belarus arasında möhkəmlənən əlaqələrdən ən çox narahat olan Ermənistan tərəfi olmuşdur. Ermənistan Respublikasının baş naziri KTMT-nin rəhbərliyinə Belarus tərəfindən olan Stanislav Zasın seçilməsinə maneəçilik törətməsinin səbəbinin kökündə Belarusun Azərbaycanla olan dostluq münasibətləri dururdu. Ermənistan tərəfi Azərbaycanla strateji müttəfiq olan Belarus nümayəndəsinin o təhlükəsizlik komissiyasının sədri olmasını istəmələrinin digər səbəbi də Lukaşenkonun İlham Əliyev mənim dostumdur ifadəsini açıq bəyan etməsi idi.

Azərbaycan-Belarus münasibətlərin möhkəmliyi nəticəsində KTMT-nin üzvü olan Belarus faktiki olaraq Ermənistandan üz çevirib, demək olar ki, bu iki ölkə arasında əlaqələr qarşıdurma həddinə çatıb. Bunu Belarusun KTMT çərçivəsində Ermənistanın indiki rəhbərliyini qəbul etməməsi və onlara qarşı tənqidi ifadələr səsləndirməsi ilə də əlaqələndirmək mümkündür.

Ermənistanda Paşinyan başda olmaqla bütün güvvələr Lukaşenko əleyhinə hədyanlar səsləndirilir. Bunun bir neçə səbəbi var: əvvəla, Belarus Ermənistanın bütün etirazlarına baxmayaraq, Azərbaycana silah satır. Belarusun Azərbaycana verdiyi “Polonez” sistemləri Ermənistanın “İsgəndər” təhdidinə verilmiş adekvat cavab oldu. Eyni zamanda, Belarus kimi bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Belə olan halda, Azərbaycan hakimiyyəti Belarus ilə olan əməkdaşlığına xüsusi diqqət yetirərək onu hər zaman yüksək qiymətləndirir və buna böyük önəm verir. Prezident İlham Əliyev də istər Minskdə, istərsə də Bakıda iki ölkə arasında keçirilən görüşlərdə bunu xüsusilə vurğulayıb.

Azərbaycan-Belarus münasibətlərində Ermənistanı qıcıqlandıran digər bir məsələ isə iki ölkə arasında olan hərbi-texniki əməkdaşlıqdır.

Azərbaycanın Belarusdan müasir hərbi texnikalar alması Ermənistanı ciddi narahat etməkdə və bu da onların Belarus ilə olan münasibətlərinə mənfi təsir göstərməkdədir. Bir başqa məqam da 12 iyul Tovuz döyüşlərindən sonra Ermənistanın, Belarus da daxil olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərdən Azərbaycana təzyiq göstərilməsi çağırışlarının dəstək görməməsi də ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter daşıdığından xəbər verir.

Belarusun Ermənistanın maraqlarına uyğun siyasət yürütməməsi 9 avqust 2020-cil ildə Belarusda keçirilən president seçkiləri ərəfəsində və sonrasında baş verən aksiyalarda və Lukaşenkoya qarşı olan ittifaqlarda Ermənistan hakimiyyətinin və onun xarici uzantılarının rolu olduğu tezislərini dəstəkləyir. Belarusda siyasi sabitliyin pozulmasında və Lukaşenkonun hakimiyyətdən getməsində ən maraqlı olnlardan biri də Erməni tərəfidir. Burada məqsəd aşağıdakılardan ibarətdir:

Ermənistan və erməni diasporuna görə Azərbaycanı Belarus kimi daha önəmli, faydalı səmimi tərəfdaş və ən yaxın müttəfiqlərindən birindən məhrum etmək;

Azərbaycanın dostu və müdafiəçisi olan Lukaşenko və ona bağlı hakimiyyətin devrilməsində rol alaraq Belarusu siyasi xaos və vətəndaş müharibəsinə sürükləmək.

Bunları nəzərə aldıqda Minskdə keçirilən aksiyalarda və Lukaşenko hakimiyyətinə qarşı hərakatlarda Ermənistandan əmir alan daxildəki ermənilərin aktivliyinin olması şübhə doğurmur. Avropa İttifaqı Belarusdakı prezident seçkilərini tənqid edib və Aleksandr Lukaşenkonu səsləri yenidən saymağa çağırır, ABŞ prezidentliyinə namizəd Joe Biden Belarus xalqının “səsinin eşidilməsini” tələb etdiyini deyib (https://www.bbc.com/azeri/region-53709456) situasiyanı darha dramatik hala gətirməyə çalışsada əməllərinə çatmaq planları mümkün görünmür.

Przident seçkilərində namizədliyini verən və Aleksandr Lukaşenkoya məğlub olan və aksiyanın “səbəbkarlarından” biri kimi tanınan Svetlana Tixanovskaya Litvaya gedib. O oradan video yayımlayaraq insanları “etirazlara çıxmamağa” çağırıb. Videonun harada çəkildiyi bilinmir və o, keçmiş namizədin rəsmi hesablarından paylaşılmayıb. Həmin görüntülərdə Tixanovskaya Belarus xalqına müraciət edib və deyib ki, “Belarus xalqı öz seçimini edib”. O, dəstəkçilərindən “meydanlara çıxmamağı” xahiş edib.

Video müracətdə deyilir; “Belaruslular! Mən sizi müdrik olmağa və qanunlara hörmət etməyə çağırıram. Mən qan tökülməyini və zorakılıq istəmirəm. Mən sizdən həyatınızı təhlükə altına qoymamaq üçün polislə qarşıdurmaya getməməyi, meydanlara çıxmamağı xahiş edirəm. Özünüzü və yaxınlarınızı qoruyun”. Prezidentyə keçmiş namizədin bu müraciəti və eyni zamanda sabitliyi pozmağa çalışan digər güvvələrin təsirsiz hala gətirilməsi ermənilərin Lukaşenkosuz Belarus planını da pozmuş oldu..

Son 25 il ərzində bu ölkə indiki prezidentin rəhbərliyi altında sosial-iqtisadi inkişafda böyük nəticələr qazanıb. Belarus, Aleksandr Lukaşenkonun yenidən ölkə prezidenti seçilməsindən sonra yeni dövrə qədəm qoyur. Lukaşenkonu yenidən Prezident seçilməsi münasibəti ilə ilk təbrik edənlərdən biri də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oldu. Aleksandr Lukaşenkonu başqa ölkə rəsmiləri də təbrik ediblər. Bunlar Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev, Çin prezidenti Si Tsinpin və Rusiya prezidenti Vladimir Putindir.

Bundan sonra da Azərbaycan Belarus münasibətləri digər ölkələrlə olduğu kimi, səmimi və mehriban bir şəraitdə davam edəcək. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə daha çox səylərini göstərəcək. Azərbaycanla Belarus arasında mövcud əlaqələr artıq yeni müstəvidə daha geniş uğurla inkişaf etməkdə davam edəcək.

Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin Baş Məsləhətçisi

 

  •  (0)
  •  (0)