27 Sentyabr Vətən Muharibəsi şəhidlərinin anım günüdürbackend

27 Sentyabr Vətən Muharibəsi şəhidlərinin anım günüdür

27 Sentyabr.., ötən ilin bu günü Azərbaycan, çətin, lakin şərəfli bir yolun yolçusuna çevrildi.

Ölkənin hər bir vətəndaşı, uşaqdan-böyüyə, qocadan-cavana, əsgərindən mülki vətəndaşına qədər hər kəs, sınaq meydanına atıldı. İllər uzunu gözlədiyi haqq savaşının “müsəlləh əsgəri” kimi, “hər şey Vətən üçün” şüarı ilə bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün birlik, cəsarət, mərdlik nümayiş etdirdi. 27 sentyabr 2020-ci il tariximizə torpaqlarımızın bütövlüyü uğrunda qəsbkar düşmənə qarşı illər boyu aparılan azadlıq mücadiləsinin Qalibiyyət müjdəçisi, Zəfərə doğru yürüşün başlanğıc günü kimi yazıldı. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Sözsüz Vətən Muharibəsindəki qələbə təkcə səngərlərdə qazanılmadı. Bu qələbə Ölkə Başçısının səriştəli siyasətinin məntiqi nəticəsi idi. Hələ muharibənin gedişində cənab Prezident İlham Əliyevin bacarıqlı siyasi manevrləri bütün dünya dövlətlərini mat qoymuşdu.

Muharibəyə müxrəlif don geyindirib dünyaya fərqli təqdim etməyə çalışan düşmən ölkənin havadarları bu manevrlərin qarşısında aciz qalmışdı. Hətta bəzən bu təxribatlar onların oz əleyhinə çevrilirdi. Ürəyi Qarabağda döyünən bütün dünya azərbaycanlıları informasiya savaşında da qalib gələrək, düşmənini yerlə-yeksan etdi. Bu müharibə Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, dünya hərb tarixində isə yeni səhifə açdı. Muharibədən sonrakı dövr xalqımızın hər bir nümayəndəsi üçün daha həssas idi. Əlbəttə, muharibə itkisiz olmur.

Xalq olaraq bu itgilərin acısını, ağrısını birgə yaşadıq. Qaytarılan torpaqlarımız, 30 ildir gözlədiyimiz qələbə, özümüzə qaytarılan milli qürurumuz bu acıların təsəllisinə çevrildi. Şəhid anaları, ataları, həyat yoldaşları başlarını dik tutdular, Vətən sağ olsun dedilər. Ona görə də bu gün dövlətimiz müharibədən zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli qayğı ilə yanaşır. Dövlət tərəfindən təsis edilmiş müxtəlif təyinatlı fondlar, həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir. Bəli dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Rəmziyyə Nəcəfova
Neftçala rayon sakini

  •  (10)
  •  (0)