21 yaşlı şəhidin ailəsinə son sözləri – Qələbədə mənim də payım varbackend

21 yaşlı şəhidin ailəsinə son sözləri – Qələbədə mənim də payım var

Sinəsini sipər edərək müharibənin ən qaynar nöqtələrinə atılan igid qəhrəmanlarımızdan biri də Kənan Rüstəmlidir. Vətən üçün, bizim üçün və balalarımız üçün canından keçən şəhidimizin ailəsi indi ondan yadigar qalan fotolarla özünü ovundurmağa çalışır, onun qəhrəmanlığı ilə təsəlli tapır.

Şəhid haqqında ən əziz xatirələrini Publika.az-a bacısı Ləman Rüstəmli danışıb. “Qardaşım həm dünyaya gəlişi ilə, həm də ölümü ilə ailəmizə şərəf verdi” deyən şəhid bacısı bildirib ki, Kənan vətənini canından da çox sevirdi:

“Kənan 14 noyabr 1999-cu ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Məktəbdə təlim-tərbiyəsi ilə seçilən Kənan müəllimlərinin həm sevimlisi, həm də sinfin əlaçısı idi. İdmana, humanitar fənlərə xüsusilə həvəs göstərirdi. İmtahanlara çox ciddi hazırlaşardı. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinə qəbul olmuşdu.

Kənan igid, mərd, ürəyi təmiz, ağıllı, ailəsinə bağlı bir insan olub. Uşaqlıqda çox nadinc olsa da, hər kəs onun nizam-intizamından ağız dolusu danışardı. Eyni zamanda çox ciddi xasiyyəti var idi, qürurlu idi. Ciddi olduğu qədər də mehriban idi, pambıq kimi ürəyi var idi.

İyulun 1-də həqiqi hərbi xidmətə çağırılmışdı, əsgərliyə getməsini səbirsizliklə gözləyirdi. Həmişə deyirdi ki, kəşfiyyatçı olacam. Hərbi xidmətə yollanmazdan əvvəl ancaq bu barədə danışardı. İddialı idi, bölmə komandiri olmağı qarşısına məqsəd qoymuşdu, oldu da. Sonuncu görüşümüzdə biz ağlayırdıq, o isə sevinib gülürdü. Üzündə insana sakitlik gətirən bir nur var idi, bütün şəkillərində üzü elə gülür ki, sanki foto indi canlanacaq, sanki bizi tərk etməyib. Sanki gözləri ilə nəsə deməyə çalışır, indi bizə güc verən onun üzündəki bu təbəssümüdür. Ölümün də üzünə gülə-gülə getdi”.

Şəhidimizin bacısı qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun igidlik yolunu davam etdirmək biləsuvarlı gənclərin əksəriyyəti kimi, Kənanın da arzusu olub.

 

“Belə vətənpərvər ruhlu övladları böyüyən xalqın torpaqları bölünməzdi. Kənanın yaxınları və tanışlar bilir ki, ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi. Qardaşım əvvəlcə Murovdağda gedən döyüşlərdə iştirak edib. Sonra isə Suqovuşanda gedən döyüşlərdə yaralı əsgər yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Son dəfə sentyabrın 29-u danışdıq. Qələbə sevincini ilk dəfə o gün bizimlə bölüşmüşdü. Sonra isə atamla anamı bizə əmanət etdi. Son sözü o oldu ki, “Rahatlıqla deyə bilərəm ki, qazanılan qələbədə mənim də payım var”. Dedi ki, qismət olsa, sağ qalsam, gəlib sizə hər şeyi danışacam. Ana, ağlama! Şəhid olsam, haqqını halal et”.

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhidimizin bacısının sözlərinə görə, Kənan şəhid olacağını gözə almışdı, amma çox istəyirdi ki, döyüş bitəndən sonra Qarabağı qarış-qarış gəzsin:

“Şəhidlik zirvəsinə ucalmazdan əvvəl qardaşımla vidalaşa bilmədik. İndi qardaşımla yalnız yuxularda görüşə bilirəm. Bütün yuxularımda deyir ki, ölməmişəm, mən hər yerdəyəm, yerim rahatdır, ağlamayın. Həyatda da heç bir halda şikayətlənməyi sevməzdi. Həmişə “Şükür Allaha, hər şey yaxşıdır” deyərdi. Fəxr edirəm ki, belə bir qardaşın bacısıyam”.

  •  (0)
  •  (1)