Onlarin arasında keçmiş nazirlər də var, ASC sədrləri də, deputatlar da…
2021-ci ili yola salmağımıza sayılı günlər qalır. Başa vurmaq üzrə olduğumuz il Azərbaycanda və dünyada bir sıra mühüm hadisələrlə yadda qaldı. Koronavirus pandemiyası bu il də davam etdi və milyonlarla insanın canını aldı. “Britaniya”, “Delta” ştammları bəşəriyyəti öz ağuşuna aldı və təkcə Azərbaycanda yüzminlərlə insan bu ştammlara yoluxdu. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinə start verildi. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Şuşa Bəyannaməsi imzalandı və s.
2021-ci il yüksək vəzifəli dövlət məmurlarının, yüksək statuslu ictimai xadimlərin həbsləri ilə də yaddaqalan oldu. Hokm.az 2021-ci ildə həbs edilən və barəsində məhkəmə qərarı çıxarılan sabiq məmurları araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki:
Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu il ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma maddələri ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilib. Hazırda məhbəs həyatı davam edir.
Müdafiə Nazirliyi Bakı və Şəmkir korpuslarının sabiq komandiri, general-leytenant Rövşən Əkbərov da bu il yolunu həbsxanadan salan eks-məmurlar arasındadır. Məlumata görə, general 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycalı biznesmen Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə ittiham olunur.
“Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunaraq həbs edilsə də, sonradan zaminə buraxıldı. Bundan bir gün sonra isə dünyasını dəyişdi.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il 6 ay müddətində azadlıqdan mərhum edilib. Onu da korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev də həbs edilən sabiq məmurlardandır. R.Quliyev Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yol verdiyi korrupsiya əməllərinə görə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 6 il müddətində cəzalandırılmasını istəsə də, hakim 3 il müddətində azadlıqdan məhrum edilməsinə qərar verib.
Milli Məclisinin sabiq deputatı Rafael Cəbrayılov borc qalmaqalı və deputat vəsiqəsini girov qoymaqda təqsirləndirilib və bu səbəbdən həbs olunub. Dələduzluqda ittiham edilən sabiq deputat həbsxanada vəfat edib.
Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir. Mənimsəmədə ittiham olunan sabiq nazir barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşlarına xəsarət yetirməkdə və onları təhqir etməkdə ittiham olunur. Deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilib.
Mikayıl Mirzəzadə
Hokm.az