12 illik təhsil bizə nə verəcək? – Yüksək səviyyəli tədris, yoxsa əlavə vaxt itkisi…backend

12 illik təhsil bizə nə verəcək? – Yüksək səviyyəli tədris, yoxsa əlavə vaxt itkisi…

Deputat: “12 illik təhsilə keçid vacibdir və ən qısa zamanda bu baş verməlidir”

Ekspert: “Təhsildə həllini gözləyən problemlər var və əvvəlcə onları aradan qaldırmaq lazımdır

Təhsil naziri Emin Əmrullayev Azərbaycanın 12 illik tədris sisteminə keçid edəcəyini bildirib. O deyib ki, hazırda bu məsələ ciddi müzakirə olunur. İnkişaf etmiş ölkələrdən nümunə gətirən E.Əmrullayev əlavə edib ki, bu qəbildən olan əksər dövlətlərdə tədris 12 ildir və bu məktəblilərin əlavə yükdən azad olunmasına gətirib çıxaracaq.

Qeyd edək ki, bu məsələ illərdir müzakirə olunur. Hələ 8 il öncə Təhsil naziri vəzifəsində çalışan Mikayıl Cabbarov bununla bağlı açıqlama verərək bu yeni modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu demişdi. Hətta Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsil müddətinin 14 il olduğunu söyləyərək, bu keçidin zərurətindən bəhs etmişdi. Ondan sonra Təhsil naziri postunu tutan Ceyhun Bayramov da oxşar açıqlamalarla çıxış edib.

Lakin əksər ekspertlər düşünür ki, 12 illik tədris ölkəmizdə effektli olmayacaq və bu yalnız əlavə vaxt itkisi və dərs yükünə çevriləcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Hokm.az-a açıqlamasında bildirib ki, 12 illik tədrisə keçməyin tərəfdarıdır. Deputatın sözlərinə görə, bu addım mütləq atılmalı və ən qısa zamanda həyata keçirilməlidir: “Əgər bir sistemli təhsilə nail olmaq istəyiriksə, buna getməliyik. Yalnız bu sistemlə dərs saatlarının artırılmasına nail ola bilərik. Beynəlxalq təcrübədə bundan istifadə edilir və kifayət qədər uğurlu nəticələri var. Nəzərə almaq lazımdır ki, xaricdə təhsil almağa gedən tələbələrimiz də məhz 11 illik tədris sistemi üzündən müəyyən çətinliklərlə üzləşirlər.

Deputat qeyd edir ki, 12 illik təhsilə keçid şagirdlərin tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün yüngülləşməsinə xidmət edəcək: “Bu gün dünya ölkələrində 12, 13, hətta 14 illik tədris sistemi mövcuddur. Sovetlər dövründə 10 illik tədris sistemindən istifadəyə üstünlük verilirdi. Sonradan 11 illik tədris sisteminə keçid etdik. Bu gün isə şərtlər fərqlidir və mövcud vəziyyətdə ən doğru qərar 12 illik sisteminə keçiddir.

Təhsil eksperti, professor Şahlar Əsgərov isə fərqli düşünür. O qeyd edir ki, bu addımın atılması şagidlər üçün əlavə yükdür: “Bunun üçün mərhələli həll planı olmalıdır. Azərbaycan təhsilində həllini gözləyən problemlər mövcuddur. Əvvəlcə onları həll etmək lazımdır. Bundan sonra digər addımlar haqqında düşünmək olar. İdeya kimi normaldır. Lakin düşünürəm ki, belə bir addımın atılması üçün hələ tezdir”.

Ekspert qeyd edir ki, şagirdlərin müxtəlif təmayüllər üzrə hazırlanması işinə xüsusi diqqət ayrılmalıdır: “Bu baş verərsə, şagirdləri əlavə yükdən azad etmək olar. Orta məktəbi bitirəndə isə abituriyentlərin ali məktəblərə qəbulu test üsulu ilə yox, sərbəst qaydada olmalıdır. Universitetlər giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalıdır. Hər kəsə şərait yaratmaq lazımdır ki, müəyyən sahələr üzrə ixtisaslaşsın. Kim ali məktəblərdə tədris proqramını əsx edə bilmirsə, onlar universitetləri bitirmirlər. Bu qayda müasir dünyada istifadə olunur və çox yaxşı nəticələri var.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (3)
  •  (2)