Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət müsəlman şərqində ilk Demokratik Respublika olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Demokratik Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, General-Leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Demokratik Cümhuriyyətinin Xarici İşlər Naziri Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Milli Qızıl Aypara Cəmiyyətimiz müharibə şəraitində vətənin hərbi idarəsinə yardım etmək (Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ilk yarandığı gündən bu günədək əsas məqsədi müharibə şəraitində yaralı əsgərlərə və müharibədə iştirak etməyən hər bir mülki şəxsə yardım etməkdir) və xalq kütlələrinin böyük köməyinə ümid bəsləyərək xalqın başına gələn qəzavü-qədərdə zərər çəkən Respublika əhalisinə dəstək verməyi öz üzərinə götürmüşdür.
1991-ci ildə Sovetlər Birliyi dağıdıldıqdan sonra yenidən müstəqiliyə qovuşan Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətinə də Beynəlxalq Standartlara uyğun şəkildə müstəqillik vermişdir. Hələ 1992-ci ildə Xocalı Soyqırımından dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi özünün mandatına uyğun olaraq Azərbaycana gəlmiş və burada nümayəndəliyini açmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə tərəfdaş qismində humanitar fəaliyyətlər həyata keçirməyə başlamışdır. 1992-1995-ci illər ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsi ilə 600-dək vətəndaşımız erməni əsirliyindən azad edilib vətənlərinə qaytarıldı. Bu proses bu günədək də davam edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən müstəqil, neytral və qərəzsiz təşkilat kimi rəsmən tanınması, həmçinin Milli Cəmiyyətimizin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının daimi bərabərhüquqlu üzvü olması üçün dövlətin özünün təşkilatı rəsmən tanıması lazım idi. Bu niyyətlə də 1994-cü il 25 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin 926 nömrəli qərarı qəbul edildi. Bu qərara əsasən Azərbaycan Respublikası özünün Milli Qızıl Aypara Cəmiyyətini ölkə ərazisində fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına aid olan yeganə rəsmi humanitar qurum kimi tanımışdır. Bu qərardan sonra Milli Qızıl Aypara Cəmiyyətimiz öncə 1995-ci ilin noyabr ayının 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı və elə həmin ayın 27-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin bərabərhüquqlu üzvü seçildi.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 nəfər şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali medalı sayılan “Florens Naytingeyl” medalı ilə təltif olunmuşlar.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı şəhərində yerləşən Baş Qərargahdan, Gənclər komitəsindən, 8 Regional Mərkəzdən (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı, Sabirabad, Lənkəran, Qarabağ), Naxçıvan Muxtar Respublikası Komitəsindən, 84 rayon bölməsi və iri dövlət müəssisələrində və təhsil ocaqlarında fəaliyyət göstərən bölmələrdən ibarətdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinin sayı 350000, könüllülərinin sayı isə 25000-ə qədərdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hazırda faliyyət istiqaməti Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Axtarış Xidməti, Gənclər Komitəsi, Gənclər və Könüllülər, Humanitar Yardım, Miqrasiya xidməti, İnformasiya və İctimaiyyətlə Əlaqələr, Gəlirgətirmə, İlk Yardım, Beynəlxalq Humanitar Hüququn yayımı, İcmalarla iş sektorundan ibarətdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq özü MDB məkanında yeganə donor təşkilata çevrilmişdir. Buna nümunə kimi 2011- ci ildə Somalidə aclıqdan əziyyət çəkənlərə 21, 564 AZN, 2012- ci ildə İranda zələzələ ilə bağlı 22, 129 AZN, 2011- ci ildə Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 23.000 AZN, Somada partlayış zamanı zərər çəkənlərə 31, 645 AZN, Nepaldakı zəlzələ ilə bağlı 5000 $, Ukraynada münaqişədən zərər çəkənlərə 5800 $ məbləğində olan yardımları göstərmək olar.
Milli Cəmiyyət, həmçinin, humanitar sahədə fəaliyyətini genişləndirmək məqsədilə dövlət strukturları ilə anlaşma memorandumları imzalamışdır. Onlar aşağıdakılardılar :
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi -11 noyabr 2006-cı ildə
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə – 30 dekabr 2007-ci ildə
Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə – 19 dekabr 2013-cü ildə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə – 4 dekabr 2014-cü ildə
AzQAC bir sıra mühüm layihələr də həyata keçirmişdir. Onlara İqtisadi təhlükəsizlik, Möhkəm İcmaların qurulması, Təhlükəsiz Oyun Meydançaları (TOM), İlk Yardım, Psixoloji dəstək, Qan donorluğu layihələri daxildir.
















