“Bunu özümüzə dərd etməməliyik, bundan ötrü kiməsə ağız açmağa ehtiyac yoxdur”.
Bunu Sfera.az-a açıqlamasında hələ də erməni tərəfinin minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsi və bu məsələdə sülhməramlıların susqun mövqe sərgiləməsini dəyərləndirərkən politoloq Cümşüd Nuriyev deyib.
Onun fikrincə, əslində minalı ərazilərin xəritəsini Ermənistan çoxdan təhvil verməli idi:
“Üçtərəfli bəyanat məhz tərəflərin bir-birilə münasibətdə daha səmimi olması nəticəsində gündəmə gəlib. Düzdür, burada minalı ərazilərin xəritəsi məsələsi yoxdur. Amma bütün hallarda Rusiya sülhməramlıları bunu etməlidir. Ermənilərin buna getməmələri isə onların xislətindən irəli gəlir. Bu günün özündə də onlar arzulayır ki, daha çox Azərbaycan əsgəri həlak olsun. Bunun da günahı sülhməramlılardadır. Onlar da ərazilərin tezliklə minalardan təmizlənməsində maraqlı olmalıdır, amma təəssüf ki, maraqlı deyillər. Rusiya bu məsələdə passivlik göstərməklə öz marağı naminə yeni nələrisə əldə etməyi düşünür”.
C.Nuriyev düşünür ki, bundan sonra həmin xəritələrin olub-olmaması vacib deyil:
“Çünki bunun əvəzində ölkəmizdən nə istəyəcəklərini bilmirik. Azərbaycan öz gücü hesabına əraziləri minalardan təmizləyir. Türkiyə, İngiltərə, İsrail, Ukrayna, ümumiyyətlə 10-a yaxın ölkə bu istiqamətdə Azərbaycana kömək təklifi edib. Ermənilərin həmin xəritəni verməmələrini özümüzə dərd etməməliyik”.
















