Yeni Baş Qərargah rəisi kimdir? – DOSYEbackend

Yeni Baş Qərargah rəisi kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Hokm.az Kərim Vəliyevin tərcümeyi-halını təqdim edir:

Vəliyev Kərim Tofiq oğlu 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, Müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, ordu korpusu komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı və 25.06.2012-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 14.05.2014 tarixli Sərəncamı ilə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 23.07.2021 tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

  •  (0)
  •  (0)