Oktyabrın 14-də “Türkiyə əsri” çərçivəsində Ərzincan şəhərində Türk Diasporunun I Beynəlxalq Simpoziumu öz işinə başlayıb.
Hökm.az xəbər verir ki, Binəli Yıldırım Universitetinin Konqres Mərkəzində üç gün davam edən tədbirin açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, Ərzincan vilayətinin valisi Həmzə Aydoğdu, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və başqaları iştirak ediblər.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz simpozium iştirakçılarına təbrik müraciəti göndərib.
Siyasətçinin sözlərinə görə, xaricdə yaşayan 7 milyondan çox Türkiyə vətəndaşının hər biri təkcə öz vətəninin deyil, həm də bütün türk dünyasının nümayəndəsidir.
Vitse-prezident soydaşlarını milli identikliyi qorumağa, Türkiyə ilə əlaqələri kəsməməyə çağırıb. “Xaricdə, xüsusən də Qərb ölkələrində islamofobiya və ksenofobiya ilə mübarizə məsələsində mühüm rol türk diasporunun qeyri-hökumət təşkilatlarının üzərinə düşür”, – deyə o, qeyd edib.
Cevdet Yılmaz Türkiyə dövlət orqanlarının xaricdəki türk vətəndaşlarının hüquq və mənafelərini, o cümlədən onların ana dilində təhsil alması məsələsini qorumağa hazır olduğuna əminliyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında türk dünyasını Azərbaycanın “yeganə ailəsi” adlandırıb. O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir” sözlərini sitat gətirib, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sarsılmaz olduğunu vurğulayıb. Dövlət komitəsinin nümayəndəsi iki qardaş ölkənin diasporlarını sıx əməkdaşlığa çağırıb.
Daha sonra çıxış edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu ölkədəki diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edib. “Sevindirici haldır ki, bu gün dünyanın 33 ölkəsindən 300-ə qədər türk diasporunun nümayəndəsi Ərzincanda bir araya gəlib. Əminəm ki, bu cür tədbirlər Türkiyənin və türk diasporunun beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfə verir”, – deyə Mumcu bildirib.
Simpoziumun yekunu olaraq “İslamofobiya və türkofobiya ilə mübarizə” Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.