Son 20 ildə mövqeyini dəyişən siyasətçilər –  Onlar kimlərdir?backend

Son 20 ildə mövqeyini dəyişən siyasətçilər – Onlar kimlərdir?

Sosial şəbəkələrdə #20yearchallenge trendi ilə müxtəlif paylaşımlara rast gəlirik. Hər gün milyonlarla sosial media istifadəçisi indi və 20 il əvvəlki görüntülərini paylaşaraq tarixə səyahət edirlər.
Qeyd edək ki, ilk dəfə bu addımı üç il öncə Domon Lante adlı amerikalı atıb. O “10 il əvvəlki görüntünüzlə indiki halınızı bir araya gətirin və sadəcə paylaşın” deyərək, hər kəsi heyrətləndirəcək bir layihə gerçəkləşdirib.
Hokm.az son 20 ildə təkcə görkəmini deyil, həm də siyasi mövqeyini dəyişən şəxslərlə bağlı araşdırma aparıb.


Hazırda “Haqq Ədalət” Partiyasını elan edən sabiq Səhiyyə naziri Əli İnsanov 20 il öncə, 2001-ci ildə nazir vəzifəsini daşıyırdı. Eyni zamanda Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü olan Ə.İnsanov müxalifəti kəskin tənqid edir, iqtidarı isə mədh etməklə məşğul idi. Onun barəsində səslənən tənqidlərlə bağlı sual ünvünlayan jurnalistə “Konkret rədd ol” və o dövrdə Müsavat Partiyasının başqanı İsa Qəmbəri “genetik xəstə” adlandırması hər kəsin xatirindədir. Bu gün isə o, hakimiyyəti kəskin tənqid etməklə gündəmdə qalmağa çalışır.


Vaxtilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi işləyən keçmiş diplomat Arif Məmmədov da mövqeyini kəskin dəyişənlər arasındadır. Bir zamanlar iqtidarın alovlu təbliğatçılarından olan A.Məmmədov 20 il öncə diplomat idi. Vəzifədən azad edildikdən sonra Belçikadan siyasi sığınacaq alan sabiq diplomat hazırda vaxtilə təmsil olunduğu hakimiyyəti sərt tənqid edir.


Daha bir sabiq diplomat İsfəndiyar Vahabzadə də siyasi mövqeyini dəyişənlər arasındadır. 2001-ci ildə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatların yanında daimi nümayəndəsi işləyirdi. O dövrlərdə hakimiyyəti mədh etməklə məşğul olan keçmiş diplomat vəzifədən azad edilən kimi sərt tənqidləri ilə gündəmə gəldi. Bir müddət Əli İnsanovun sədri olduğu “Haqq Ədalət” Partiyası sədrinin birinci müavini idi.


Milli Məclisin sabiq deputatı Gültəkin Hacıbəyli deputat olduğu müddətdə müxalifəti, xüsusən Müsavat və AXCP-ni sərt formada tənqid edər, onları siyasi cəhətdən naşı olmaqda ittiham edərdi. Deputat seçilməyəndən sonra isə əvvəlcə “Ziyalılar Forumu”nda, ardınca isə “Milli Şura”da görünməyə başladı. Onun dediyi məşhur “Radikal müxalifət liderləri terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyırlar” fikri bu gün də siyasi kluarlarda geniş müzakirə olunur.


İqtidardan müxalifətə keçənlərlə yanaşı, bu müddətdə müxalifətdən də iqtidara keçid edənlərin sayı az olmayıb.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 2001-ci ildə hakimiyyəti ən sərt formada tənqid edən müxaliflərdən idi. Həmin dövrdə Müsavat başqanının təbliğat məsələləri üzrə müavini təyin olunan R.Arifoğlu digər müavin Qabil Hüseynli ilə birlikdə ölkənin bütün regionlarına səfərlər edər, Müsavat Partiyasının təbliğatını aparırdı. Azərbaycan mətbuatına söyüş ritorikasını gətirən media mənsublarından olan R.Arifoğlu bu fəaliyyətini məhz müxalifətdə olduğu dövrlərdə həyata keçirib.


“Teleqraf” media holdiqinin rəhbəri Aynur Camalqızı da radikal müxalif cəbhədə yer alırdı. 2001-ci ildə Müsavat Partiyasının məclis üzvü seçilən A.Camalqızı “Yeni Müsavat” qəzetində iqtidarın ünvanına ən sərt formada məqalələr tirajlayırdı. 2005-ci ilə qədər bu fəaliyyətini davam etdirən baş redaktor deputat seçiləndən sonra keçmişindən imtina etdiyini rəsmən bəyan etdi. Bu gün isə rəhbəri olduğu media resurslarda iqtidarı müdafiə etməklə məşğuldur.


Hazırda Milli Məclisin deputatı olan Tahir Kərimli 2001-ci ildə müxalif Vəhdət Partiyasının sədri idi. AXC-Müsavat iqtidarı dövründə Ali Məhkəmənin sədri postunda çalışan T.Kərimli ilk öncə bu komanda ilə yollarını ayırdı. “Ayaz Mütəllibova qarşı haqsızlıq etmişik” deyən T.Kərimli onun, 2003-cü ildə Müsavat başqanı İsa Qəmbərin yanında yer aldı. Sonradan müxalifət liderlərini hakimiyyətdə satılmaqda ittiham edərək, iqtidara “açıq satıdlığını” elan etdi. 2010-cu ildən deputat olan T.Kərimlinin ara-sıra yenidən iqtidarı tənqid etməsini isə onun yenidən deputat seçiləcəyinə inamının az olması ilə əlaqələndirirlər.
Mikayıl Mirzəzadə
Hokm.az

  •  (3)
  •  (4)