“Dilimizi bəsitləşdirən müəyyən insanların qarşısına keçib Azərbaycan dilinin qrammatikasından, fonetikadan, orfoqrafiyadan, ahəng qanunundan bir az dərs keçmək istəyərdim. Sonra yenə alınmasa, həmin insanları bir qaşıq suda boğa bilərəm”.
Hokm.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə paylaşım edən zaman qrammatik qaydaları pozan məşhurların ünvanına deyib. O bildirib ki, yazılan statuslardakı səhvlərə görə utanır:
“Siz, Biz – əvəzliklərdir və artıq cəm halında olduğunu məlumatlandırır, arxasına cəm şəkilçisi əlavə etməklə həmin müraciəti daha da hörmətə mindirmirsiz, əksinə öz savadsızlığınızı büruzə verirsiz və dilimizə bayağı dəyişikliklər edirsiz. Daha dəqiq desək, dilimiz də mutasiyaya uğrayır. Bu tip savadsızlıqlara çox rast gəlirik, amma elə hamımız susuruq və “bizlər” də axına uyğunlaşırıq, hətta böyük şirkətlərin reklam çarxlarında “Bizlər, Sizlər üçün…” kimi savadsızlıqlara şahid oluruq.
Bir də, son günlərdə ən aktual daha bir məqam da var: Şəhidlərimizə rəhmət diləyən tanınmışlar və onlardan da örnək götürən bəzi vətəndaşlar, yazırlar “Allah səni rəhmət eləsin”… Başınıza dönüm, cümlədə mübtəda, xəbər, təyin olur. “Səni” əvəzliyi burada kimi təyin edir?
Məqsədim kiminsə şəxsiyyətini kiçiltmək yox, üzdə olan insanların örnək olduqlarına görə evdə başa salan yoxdursa, zamanında orta məktəbdə bunları mənimsəməyiblərsə, hətta bəzilərinin övladları, müavinləri, prodüserləri, köməkçiləri buna düzəliş etməyi bacarmayıblarsa, heç olmasa indi öyrənib səhvlərini düzəltsinlər. Pulnan satmıram, xoş niyyətimdən buna düzəliş etməyə çalışıram.
İnanın ki, hərdən bəzi paylaşımların altında yazılan statusları oxuyanda xəcalət çəkirəm. Əslində bu tipdə və hətta bundan da artıq o qədər ağsaqlıqlarımız var ki, hərəmiz bir dəfə haqq səsimizi çıxartsaq, düzgün şəkildə və doğru zamanında tənqid etsək, çox ümid edirəm ki, savadlı bir gələcəyin yetişməsinə biz də təkan vermiş olarıq”.Axşam.az