“Şimal”a əsən “qərb küləyi”: 69 yaşlı Putin bacaracaqmı?backend

“Şimal”a əsən “qərb küləyi”: 69 yaşlı Putin bacaracaqmı?

Hər şey ondan başladı ki, ötən əsrin sonuncu günü Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin əhaliyə yeni il müraciətində istefa verdiyini bəyan etdi. O, prezident səlahiyyətlərinin icrasını cəmi beş ay öncə Baş nazir təyin etdiyi Vladimir Putinə həvalə etdi.


Əvvəlcə Yeltsin haqqında…
Boris Yeltsin sovetlər dövründə Sverdlovsk vilayəti partiya komitəsinin birinci katibi işləyib. Özü də bu vilayətdə anadan olan, təhsil alan gələcək prezidentin həyatının əsas dövrü Sverdlovsk (indiki Ekaterinburq) şəhəri ilə bağlıdır. Vilayətin partiya komitəsinin birinci katibi vəzifəsindən Kremlə irəli çəkilən Yeltsin əvvəlcə Mərkəzi Komitədə inşaat şöbəsinin rəhbəri, ardınca Mərkəzi Komitənin katibi və nəhayət Moskva şəhəri komitəsinin rəhbəri vəzifələrində çalışıb.
1987-ci ildə SSRİ-nin o dövrdəki partiya rəhbərliyinin tənqidinə görə vəzifəsindən kənarlaşdırılır və iki il sonra SSRİ Ali Sovetinin deputatı olaraq aktiv siyasi fəaliyyətə qayıdır. Onun SSRİ-nin çöküşündə böyük xidmətləri olduğu deyilir. 1990-cı ildə SovİKP-ni tərk edən Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilir. 1994-cü ilin dekabrında onun əmri ilə Çeçenistana ordu hissələrinin yeridilməsi və müharibə başlaması Yeltsinə qarşı beynəlxalq təzyiqlərin artması ilə nəticələnir.
İdarəetmə səriştəsini itirən Yeltsinin prezident postunu Baş nazir Viktor Çernomırdinə ötürəcəyi gözlənilsə də, 1998-ci ilin martında sonuncu yola salınır. Həmin illər Sankt-Peterburqda yaşayan KQB zabiti Vladimir Putin Rusiya Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru təyin olunur. Cəmi bir il keçmir ki, Təhlükəsizlik Şurasının sədri və çox qısa aradan sonra Rusiya Federasiyasının Baş naziri vəzifəsinə qədər yüksəlir. Bu artıq Putinin Rusiya rəhbərliyinə gətiriləcəyinə aydın eyham idi. Lakin bu qədər tez olacağını heç kəs gözləmirdi.

Vladimir Putin kimdir?
Bu gün onun ad günüdür. 69 yaşını tamamlayan Rusiya lideri dünya siyasətinin nəhəng simalarından biridir. Bunu hətta onunla qızğın rəqabət şəraitində olduğu həmkarları da təsdiq edirlər. Bir tərəfdən Rusiya kimi nəhəng dövlətə rəhbərlik etməsi ona bu “titulu” qazandırırsa, digər tərəfdən xarakterik keyfiyyətləri də bu məsələdə həlledici rola malikdir. O, ölkə başçısı olmaya-olmaya dövləti idarə edən, dünya siyasətini “CEO prezident” terminini gətirən, postsovet məkanı uğrunda mübarizədə mühafizəkar davranışları ilə seçilən və həm də ziddiyyətli siyasətçidir. SSRİ-nin yıxılmasında böyük rolu olan Yeltsinin “varisini” yenidən imperiya yaratmaq cəhdində günahlandıranlar da var.
Ötən ilin iyununda Kreml aparat rəhbərinin müavini belə bir fikir işlətmişdi: “Bu gün Putin yoxdursa, Rusiya da yoxdur”. Onun fikrincə Vladimir Putinə onilliklər ərzində səs verib onu Baş nazir və ya prezident olaraq hakimiyyət başında görmək istəyən milyonlarla rusiyalı da bu fikrə şərik çıxır. Ötən il Rusiya Konstitusiyasına düzəlişlərlə bağlı keçirilən ümumxalq səsvermə ona daha iki 6 illik müddətə öz namizədliyini irəli sürmək hüququ verib. Bəziləri hesab edir ki, Putin hakimiyyətdə uzun müddət qalacaq. Digərləri isə bu dəyişikliyin xüsusi əhəmiyyət kəsb etmədiyini iddia edirlər. Sonuncuların qənaətinə görə, Putin heç də uzaq olmayan gələcəkdə öz postunu siyasi varisinə ötürəcək.

Putinin varisi kim olacaq?
Ekspertlərin iddiasına görə, Almaniya kansleri Angela Merkelin hakimiyyətdən getməsindən sonra Putin dünyanın ən təcrübəli siyasətçisi titulunu qazanacaq. 25 ildir ki, superdövlətə rəhbərlik edən Vladimir Vladimiroviçin özü də artıq varis konturlarını cızmağa başlayıb. Bununla bağlı rəsmi açıqlamalar olmasa da, onun bir neçə şəxsin üzərində dayandığı bildirilir. Qəti ehtimallar ondan ibarətdir ki, məhz onun müəyyən edəcəyi varis Rusiyanın növbəti prezidenti olacaq. Qərbdən əsən “Navalnı küləyi”, davamlı sanksiyalar, rəqiblərin ölkəni daxildən sarsıtmaq cəhdləri də nəticəsiz qalacaq.
Uzun illər siyasi kluarlarda belə hesab olunurdu ki, Vladimir Putinin varisi Dmitri Medvedevdir. Çünki aralıq müddətdə Putin hakimiyyəti rəsmi olaraq ona ötürüb, ölkənin ikinci şəxsi uzun müddət Medvedev olub. Lakin hazırda Medvedevin siyasi mövqeyinin zəif olması, Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini kimi bir o qədər də yüksək olmayan vəzifə daşıması, eyni zamanda yeni iddialı firqurların ortaya çıxması bu fərziyyələrin həqiqət yükünü azaldır.
Rusiyanın potensial gələcək prezidentləri siyahısında Baş nazir Mixail Mişustinin, müdafiə naziri Sergey Şoyqunun, Moskva meri Sergey Sobyaninin, Xarici İşlər naziri Sergey Lavrovun, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, indiki kənd təsərrüfatı naziri Dmitri Patruşevin, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin, Tula vilayətinin hazırki qubernatoru Aleksey Dyuminin adları çəkilir. Siyasətdə “Sağ göstərib, sol vurmaq” texnologiyasından mütəmadi istifadə olunduğunu nəzərə alsaq, adıçəkilən şəxslərin deyil, son anda tamamilə gözlənilməyən bir simanın namizəd olmaq ehtimalları da istisna edilmir.

Azərbaycanlı dostu nə deyir?
Vladimir Putinin əslən Tovuz rayonundan olan tələbə yoldaşı və ailəvi dostu, hüquq elmləri doktoru, professor İlham Rəhimov müstəqil jurnalist Azər Niftiyevə müsahibəsi zamanı deyir ki, Putinlə abituriyent olanda, eyni fakültəyə imtahan verəndə tanış olublar: “Lakin ola bilərdi ki, hər ikimiz instituta qəbul olunmayaq və ya ikimizdən birimiz qəbul olunsun. Bu təsadüfi olan bir şeydir. Sonradan tale elə gətirdi ki, hər ikimiz ali məktəbə qəbul olunduq. Bunun ardınca münasibətlər dostluq səviyyəsinə keçməyə başladı. Bizi yaxınlaşdıran səbəblərdən biri hər ikimizin idmanla məşğul olması idi. Tələbəçilikdən əvvəl Putin dzüdo ilə, mənsə sərbəst güləşlə məşğul olmuşam”.
Onun sözlərinə görə, xarakterik oxşarlıqlar, hər ikisinin idmanla məşğul olması, siqaret, alkoqol və s. vərdişlərdən uzaq olmaları onları çox yaxınlaşdırıb: “Vladimir Putin, Viktor Xmarin və mən beləcə dost olmağa başladıq. Artıq 51 ildir ki, dostluq edirik. Ali məktəbə qəbul olunmağımızın, bitirməyimizin ildönümlərini qeyd elədik. Bugünə qədər ailəvi dostluq münasibətlərimiz var, övladlarımız da bir-birini tanıyırlar”.
“Putin vətənpərvər insandır. Həm də səbrlidir, hadisələri zamanında qiymətləndirməyi bacarır. Bu onun əsas uğurlarından biridir” – deyə azərbaycanlı professor fikrini yekunlaşdırır.
Bütün hallarda tarixdə elə şəxsiyyətlər var ki, onların həyatı böyük bir dövlət, bəzən isə bəşəriyyət üçün maraqlıdır. Putin də belə şəxsiyyətlərdəndir. Müsbət və mənfi məqamları ilə.

 

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (2)
  •  (0)