Şəhid atası: Oğlum əliboş qayıtmadı, özü ilə zəfər gətirdibackend

Şəhid atası: Oğlum əliboş qayıtmadı, özü ilə zəfər gətirdi

Vətən müharibəsində cəsur və qorxmaz döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında çox danışılacaq, onların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olacaqdır. Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də şəhid leytenant Ərtoğrul Nadirlidir.

Hokm.az azərtac-a istinadən bildirir ki, Ərtoğrul Nadirli 1997-ci il martın 31-də Sədərək rayonunun Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı əla qiymətlərlə bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Keçən il iyunun 24-də Ali Hərbi Məktəbi bitirib, leytenant rütbəsi alıb. Tovuz bölgəsinə göndərilib. 6 ay xidmətdən sonra Bakıya kursa gələn Ərtoğrul kursu bitirərək Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb.

Sentyabrın 27-də Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında döyüş yoldaşları ilə birgə çətin əməliyyatlarda iştirak edib, qəhrəmanlıq göstərib. Eyni zamanda, onlarla yaralı yoldaşını döyüş bölgəsindən çıxarıb. Orada xeyli sayda erməni faşistini məhv ediblər. Ancaq son anda uzaq məsafədən snayperdən açılan atəşlə şəhadətə qovuşub.

Şəhidin atası Hümbət Nadirli qeyd edir ki, o, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb, “təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Ərtoğrulun cənazəsi gələn gün tabutu önündə qurban kəsib igid balasına. Deyir ki, oğlum əliboş qayıtmadı, özü ilə zəfər gətirdi. İllərdir, dadını az qala unutduğumuz Qələbəni gətirdi bizə balalarımız. Onlar illərdir əsir olan torpaqlarımızın dərdinə dərman oldular.

Ərtoğrulun anası Nahidə xanım deyir ki, igid oğlu öz arzusuna çatıb: Bağrım yanır, amma ağlamıram, çünki istəyinə çatıb balam. Onun toy-büsatı cənazəsi gələn günü oldu. Hansı ki, üçrəngli bayrağa bələnib gəldi. Maşın karvanı qapımıza çatanda oğlumun toy karvanı kimi qarşıladım onları. Qalib kimi gəldi oğlum. Bütün Naxçıvan gəlmişdi onu qarşılayıb yola salmağa.

Şəhidin bacısı Nübar xanım bizimlə söhbətində dedi: Qardaşımla son dəfə danışanda o, Goranboy rayonuna ezam edilmişdi. Həmin gündən sonra bir daha səsini eşitmədim. Düz 52 gün biz ondan xəbər ala bilmədik. Onun cənazəsini Bakıya gətirəndə orada yaşayan ən yaxın qohumu təkcə mən olduğum üçün cənazənin qardaşıma aid olduğunu təsdiq etməli idim. Xəstəxanaya gedəndə necə bir mənzərə ilə qarşılaşacağımı düşünmək belə, istəmirdim. Həmişə eşitdiyim “şəhidlər ölmür, onların ruhları əbədi yaşayır” fikirini xatırlayır, özümə təsəlli verirdim. Mən o gün orada bir möcüzə ilə – Vətən, xalq, el, dövlət yolunda can verənlərin ruhunun da, cisminin də əbədi yaşadığına şahidlik etdim. Bu gün o, təkcə mənim deyil, bütün azərbaycanlı qızların qardaşıdır. Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadır. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid ailəsi, bacısı olmaq böyük şərəfdir. Bizim yurdumuzun şəhidləri heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir, ailələri uca tutulur.

Ta qədimdən dünyaya göz açan körpəyə ad veriləndə adıyla böyüsün deyirdilər. Ərtoğrul da adı ilə böyüdü. Uşaqlığı cəbhədə düşmən postlarının beş addımlığında keçdi. Hər gün Sədərək döyüşlərində can qoyan igidlər haqqında əfsanələr dinləyərək böyüdü. Bu torpağın bütövlüyü uğrunda, bayrağımız enməsin deyə, canından keçən igidlərin həyat hekayələri ona hərbçi olmaq üçün stimul verdi. O, adının sahibi kimi bir türk fatehi oldu. İllərdir Vətənin qanayan yarasına məlhəm olan qardaşlarına qoşuldu.

  •  (2)
  •  (0)