Azərbaycan təmsilçisi Samirə Əfəndi “Avroviziya” mahnı müsabiqəsinin böyük finalının ikinci hissəsində çıxış edəcək.
Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yarışmanın birinci yarımfinal mərhələsindən sonra keçirilən püşkatma və mətbuat konfransında bildirilib.
Əfəndinin finalda hansı nömrə altında çıxış edəcəyi isə ikinci yarımfinal nəticələrindən sonra bəlli olacaq.
Bundan əlavə, Samirə KİV-in suallarını da cavablandırıb. O, final çıxışında müəyyən dəyişiklər olacağını açıqlayıb.
Həmçinin sənətçi “Avroviziya-2011” qalibi Eldar Qasımovun ona hədiyyə etdiyi Azərbaycan bayrağından da danışıb: “Eldar Qasımovun mənə verdiyi bayraq komandamda idi. Hazırda çiynimdə daşıyıram. Səhnədən əvvəl Eldar Qasımovla görüntülü olaraq danışdım, mənə uğurlar dilədi. Söylədi ki, həyatın gözəl anıdır, bir daha həmin anları yaşamaya bilərsən. Səhnədən, ifadan, tamaşaçılardan, ümumiyyətlə ab-havadan zövq almağı bacarmaq lazımdır”.
Məlumat üçün bildirək ki, Samirənin ötən günkü çıxışından sonra bukmeykerler proqnozunda dəyişiklik edilir və siyahı daim yenilənir. Yarımfinaldan əvvəl 21-ci olan Əfəndi hazırda 17-ci pillədə qərarlaşıb.
Eyni zamanda “Avroviziya”nın rəsmi yutub səhifəsindəki çıxışı trenddə 4-cü yerdədir və ən çox baxılan video sırasında
üçüncüdür (307 min).