“Maşın” realiti-şousunun canlı yayımında aparıcı İlhamə Bədəlovaya qarşı ittihamlarla çıxış etmiş müğənni Allahverdiya Roza məhkəmədə aparıcıya uduzdu.
Hokm.az Milli.Az-a istinadən xəbər verir ki, iki ildən artıq çəkən prosesə son olaraq Ali Məhkəmədə baxılıb və aparıcının xeyrinə qərar verilib.
İddiaçı İlhamə Bədəlovanın cavabdeh Roza Allahverdiyevaya qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəməyə səbəb Rozanın “Maşın” şounun efirində aqressivliklə dediyi:
“Səhiyyə işçisisən? Verilişin var? İnsanlara dəstəksən, düzdür? O verilişi gözəl təbliğ edirsən. Amma sənin yanında olan ağır xəstə olan öz işçini qovdun, mən işə götürdüm. Sən sus, səhiyyənin adını çəkmə. Sən o verilişi aparırsan, amma sadəcə, sima olaraq. Yaxşı, işini dərindən bilən olsaydın, sənin yanında ağır xəstə olan insanı işdən qovmazdın. Qorxdun ki, sən xəstələnərsən” cümlələri şər və böhtan hesab edilib və R.Allahverdiyevanın buna görə televiziya vasitəsi ilə təkzib edərək İlhamə Bədəlovadan üzr istəməsi tələb edilib.
Qeyd edək ki, R.Allahverdiyeva Ali Məhkəmənin qərarından kassasiya şikayəti versə də, şikayəti təmin olunmayıb.