Aktrisa-teleaparıcı Könül Yusifqızı Moderator.az-ın suallarını cavablandırıb.
– Könül xanım, necəsiz? Hal-hazırda nə işlə məşğulsuz?
– Çox şükür, yaxşıyam! Hal-hazırda şəhid ailələri, qazilərimiz və əsgərlərimizin ehtiyyac və problemlərini dostum Nurlan Ələkbərovla birgə çəkib, işıqlandırırıq və aidiyyatı orqanlara çatdırırıq ki, mümkün qədər kömək olaq.
– Demək ki, hələ heç bir televiziyada çalışmırsınız. Çəkdiklərinizi harada işıqlandırırsınız?
– Xeyr, heç bir televiziyada çalışmıram və aylıq gəlirim də yoxdur. Bu fotoqraf Birlanın təşəbbüsü idi, mən də böyük məmnuniyyətlə razılaşdım. Çəkdiklərimizi sosial şəbəkədə öz səhifələrimdə paylaşıram. Sağ olsun saytlar da səhifəmdən götürüb işıqlandırır və səsimiz lazımı instansiyalara çatır.
– Bu könüllü bir fəaliyyətdir. Həqiqətən də çox gözəl bir təşəbbüsdür..
– Bəli, mən bu işi könüllü edirəm. Nədənsə onlara kömək olanda çox xoşbəxt oluram.
– İşıqlandırdığınız qazi və şəhid ailələrindən problemləri həll olunanları olub?
– Biz çəkdiklərimizin çoxunu işıqlandırmamışıq heç. Çünki biz işıqlandırmazdan öncə aidiyyatı qurumlara müraciət edirik. Bəzən o an reaksiya olur və işıqlandırmağa ehtiyac qalmır. Bir şəhid ailəsi və iki qaziyə dəstək ola bilmişik. Yaşat fonduna və millət vəkili Səməd Seyidova təşəkkür edirəm. Bundan başqa Permdə (Rusiya) yaşayan həmyerlilərimiz də bizə dəstək olurlar.
– Bəs necə dolanırsız?
– Çətindir. Amma şükür olsun Allahın qüdrətinə.
– Bu cür dediyinizə görə yəqin ki, az da olsa gəliriniz var. Olmaya pis gününüz üçün nələrsə yığıb saxlamısız?
– Xeyr, gəlirim ümumiyyətlə yoxdur, heç yoxdur. Doğma bir insan mümkün qədər mənə kömək olur. Buna da şükür. Pis gün 1 gün olar, 1 ay olar, 3 ay olar, 9-10 aya bir şey qalar? (gülür).
– İndi deyəcəklər ki, Könül Yusifqızını kimsə “saxlayır”..
– Mənim fikrim şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə köklənib. Bu ərəfələrdə amalım bir vətəndaş olaraq etdiyim , gördüyüm işlə dövlətimin, dövlətçiliyimin, sevdiyim prezidentimin yanında olmaqdır. Bu mənim vətəndaş mövqeyimdir. Sizin sözünüzə gəldikdə isə “saxlayır” sözünü qəbul etmirəm. Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın (gülür). Xanım sevdiyi, seçdiyi, könül verdiyi kişi ilə sevgili ola və ya ailə həyatı qura bilər.
– Təklik sizi yormur ki?
– Tək deyiləm… Özümdən başqa qızım və pişiyim də var (gülür).
– Həyat yoldaşı mənasında dedim.. Qadına hər zaman kişi lazım deyil?
– Sevgi, hörmət, rəğbət, məhəbbət, diqqət, dəyər, eşq kimi keyfiyyətləri özündə cəmləşdirməyən “odun” qadının nəyinə lazımdır?
– Amma hər kişi dediyimiz kimi deyil..
– Vallah hər kişi ilə mənim nə işim, mən ər kişidən danışıram.
– Ailə qurmaq üçün təkliflər gəlibmi?
– Sentyabrın 27 dən mənim kökləndiyim bir mövzu var: müharibə, torpaqlar, qazilər, şəhid ailələri, əsgərlər. Bu aralar başqa bir yerə fikirlərimi bölub yönəldə bilmərəm. Zənnimcə heç yeri də deyil. Məni qalib vətəndaş edən, dövlətimi qalib dövlət edən, doğulduğum torpaqları mənə qaytaran igidlərin dərdini, xeyrini, şərini qoyub ər haqqında düşünə bilmərəm. Özüm özümə haqsızlıq edərəm, vicdanım buna yol verməz. Keçən zamanlar kecmişdə qaldı, amma bu zamanlarda zərrə qədər onlar ücün dəstəyim və ərə getmək kimi seçimim olarsa, mən qazi, şəhid ailələri, əsgərlərə dəstəyi seçərəm.
– Qazi və şəhid ailələri ilə görüşürsünüz. Onların problemləri daha çox nədir və şikayətləri kimlərdəndir?
– Qazilərimizin, əsgərlərimizin ən böyük problemi səhhətindəki narahatlıqlar və işsizlikdir. Çoxunun psixoloji travmaları var, psixoloq və psixiatrlara ehtiyacı var. Buradan onlara səslənirəm. Efirlərdən düşməyən psixoloq, psixiatrlar, nevrpotoloqlar haradasınız? Hardasınız efirlərdən düşməyən özəl klinikalar, hərəniz 5-6 qazi, şəhid ailəsini öhdənizə götürsəniz olmazmı? Onların çoxu işsizdir. Üzümü tuturam özəl və qeyri-özəl dövlət idarələrinə. Hərəniz 5-6 qazi, əsgər işə götürsəniz olmazmı…