Sərhəd demarkasiyası kontekstində Ermənistan hakimiyyəti sərt tənqid olunur, milli maraqlara xəyanətdə, məğlubiyyətçi mövqedə və s. günahlandırılır.
Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bu iddialara cavab olaraq baş nazir Nikol Paşinyan Ermənistanın 2010-cu ildəki inzibati ərazi bölgüsü haqqında qanunundan hissə paylaşıb və bildirib ki, qanuna əsasən, Azərbaycanla dövlət sərhədi hələ o dövrdə müəyyənləşdirilib.
Hökumət başçısı Ermənistanın Geğarkunik bölgəsində yerləşən və Kəlbəcər ilə həmsərhəd olan Zod yatağı ərazisindəki Ermənistan-Azərbaycan sərhədini Azərbaycana təhvil verən bu qanunun fraqmentlərini yayımlayıb.
Qanunda deyilir ki, Zod kənd icması Geğarkunik bölgəsinin cənub-şərq hissəsində, şimal-şərqdən və şərqdən Azərbaycan Respublikası ilə həmsərhəddir.
Paşinyan bu “yazıya” Ermənistan silahlı qüvvələrinin bu gün bu qanunda təsbit edilmiş sərhəd xəttinə uyğun olaraq yerləşdirildiyini qeyd edib: “Xatırladım ki, “Daşnaksütyun”, “Vətən” kimi fraksiyalar 2010-cu ildə bu qanunun qəbul edilməsinə səs veriblər. Qanun layihəsini Ermənistan hökuməti təqdim edib”.
Onun sözlərinə görə, bu gün bu qanuna səs verən nazir və deputatların çoxu mövcud hökuməti və özünü Kəlbəcəri təslim etməkdə günahlandırırlar, halbuki özləri bu ərazinin Azərbaycan kimi tanınmasına dair qanun qəbul edib.
Xatırladaq ki, noyabrın 10-dan bəri Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra Ermənistanda baş nazirin rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. N.Paşinyan Qarabağı təslim etməkdə günahlandırılır.