Fuad Muradovla növbəti görüş
Xatırlayırsınızsa, aylar öncə demişdim ki, biz onunla hələ çox görüşəcəyik. Elə də oldu və o görüşlərin növbətiləri Zəfər Tibb Simpoziumu çərçivəsində Bakıda baş tutdu.
Komitə sədrinin dostları
96 saatlıq Azərbaycan səfərimizdə Komitə sədrinin iştirakı ilə olan bütün görüşlərimizə nəzər saldıqda, Kölndəki görüşümüzdən fərqinin bu dəfə onun dostlarının da görüşlərdə iştirak etməsi idi. Mövzuların istiqaməti bəlli idi, çünki hər birimiz hər gün daha da inkişaf edəcək güclü Azərbaycana tükənməz sevgi ilə bağlıyıq. Fəxr elədim, həm Vətənini sevən onunla, həm də eyni keyfiyyətləri özündə saxlayan dostları ilə!
Mövzular
Azərbaycan barədə nələr istədiyimiz və necə istədiyimiz öncədən bəlli olduğundan daha çox konkret məsələlər üzərində danışdıq. Təkcə problemləri yox, problemlərin həlli yolları barədə ciddi və faktlara əsaslanan müzakirələr etdik. Bu müzakirələrdə görünən yüksək peşəkarlıqlar məni və komandamızı hədsiz sevindirdi. Bu sevinc bizə həm yeni ruh, həm də xoş ümidlər bəxş etdi. Digər peşəkarlıq göstəricisi tərəflərin planlar quraraq problemlərin həllinə və eləcə də məqsədlərə doğru getməyin doğruluğunu anlaması idi. Daha da sevindirici məqam peşəkar müzakirələrlə problemlərin real həlli yollarının tapılması idi ki, bu da bizlər üçün gələcəkdə birgə fəaliyyətə səbəb olacaq ən ciddi əsasdır.
Təəsüratım
Fuad müəllimin dürüst və düzgün olmağından başqa, məsələlərə özünəməxsus şəkildə diqqət göstərməyi əslində Kölndəki görüşdən diqqətimi çəkmişdi. Onun bu dəfə də Azərbaycanın qonaqları olan şəxslərə göstərdiyi xüsusi diqqət və bazar günü olmasına baxmayaraq şəxsən gəlib Almaniyadan olan qonaqlarla bir daha sağollaşması Azərbaycan adına bir böyüklük idi. Nümunəvi böyüklük! Qürurlandım!
O, mənimlə də fərqli sağollaşdı – 40 dəqiqəlik təkbətək görüşlə…
Görüşdən sonra 96 saatlıq səfər çərçivəsində cəmi 13 saatlıq yuxunun yaratdığı yorğunluğun tam itdiyini hiss elədim, çünki ondan insanın önəmli qərarları ağlı ilə, bəzi böyük qərarları isə ürəyi ilə verməli olduğunu bir daha öyrəndim. Vətən sevgisi böyük qərarlardandır, “hər adam belə böyük qərarları verə bilməz” fəlsəfəsini mənə bir daha o və onunla olan bu görüş xatırlatdı. Təşəkkürlər!
Fuad Muradov bir daha göstərdi ki, o, bir nümunədir. Görüb-götürməli nümunə. Yalnız uğurlar, Fuad müəllim – dürüst, böyük, cavan oğlan! Biz bundan sonra da hələ çox görüşəcəyik…
Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri və İnstitutun işemik insult elmi araşdırmalarının rəhbəri