Nadir Qafarzadədən karantinə etiraz: “Pozğunluq baş alıb gedəcək…“backend

Nadir Qafarzadədən karantinə etiraz: “Pozğunluq baş alıb gedəcək…“

Azərbaycanda son vaxtlar həm koronavirusa yoluxanların, həm də virusdan ölənlərin sayı artıb. Bəzi ekspertlər karantin rejiminin sərtləşdirilməsinə belə ehtiyac duyurlar. Digər tərəfdən, yoluxmanın artmasının əsas səbəbi kimi gizli keçirilən toylar göstərilir. Bəs görəsən yoluxmanın artmasına səbəb həqiqətən də budurmu? Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə gizli şəkildə toy edənlərə haqq qazandırıb:

“Vətəndaşlar gizli toylar edirlər. Camaat nə etsin? Qınamaq olmur. Nişanlı qızlar qalıb, çoxdandır cehizi gedib özü ata evində oturan qızlarımız var, gəlinlik paltarı sandıqda yatanlar var, övlad toyunu görmək istəyən yaşlı valideynlər var… Bu nə vaxta qədər davam edəcək?! Biz başa düşürük ki, xəstəlik var. Amma ortaq bir məxrəcə gəlmək lazımdır. Restoranlar adam əlindən partlayır, bunu hər kəs görür. Hər gün restoranlarda 200-300 nəfər adam olur. İndi də təzə bir şey çıxıb: meyhanələr. Meyhanələrdə adam qaynaşır, rəqs edən kim, birlikdə oturub yeyib-içən kim”.

Müğənni hazırda olan yoluxma faizinin əhali sayına görə aşağı olduğunu bildirib:

“Mən başa düşürəm ki, xəstəlik var, amma insanları da başa düşmək lazımdır. Düzü, xəstəlik də o qədər çox deyil. 2000 nəfər yoluxma çox aşağı rəqəmdir. 10 milyonluq əhali üçün bu rəqəm yox dərəcəsində faiz hesab olunur. Onsuz da hər gün 1000 nəfər insan qripdən yaxud başqa xəstəlikdən əziyyət çəkir. Harda canlı varsa, onsuz da orada xəstəlik olur, bu, ömrü boyu belə olub. Əgər insanlar gözləyirsə, ki, xəstəlik ümumiyyətlə olmasın, belə bir şey olmayacaq, bu həyatdır. Düşünürəm ki, artıq bir qərar verilməlidir. Düz bir il bir aydır ki, toylar dayanıb. Bu qədər olmaz, yumşalmalara gedilməlidir. Onsuz da avtobuslarda insanlar bir-birinin ağzının içindədir, marketlərdə, restoranlarda eyni vəziyyətdir. Məntiqi, düzgün qərarlar verilməlidir”.

Qafarzadə karantin müddəti uzandıqca vətəndaşlar arasında oğurluq, pozğunluq, intihar hallarının artacağını qeyd edib:

“Bilirsiniz, heç kəs acından ölmür. Hamı bir parça çörəyini tapıb yeyir, amma insanlarda işsizlik var, heç nə ilə məşğul olmadıqları üçün intihara cəhd edirlər, bu gedişlə oğurluq, pozğunluq daha da artacaq. İnsan boş qalanda yolundan azır. İmkan verin, gənclər oxusun, nə iləsə məşğul olsunlar, belə avaralıq olmaz. Avaralıq olan yerdən heç bir keyfiyyət, mədəniyyət gözləmək olmaz. Bundan  belə pozğunluqlar baş alıb gedəcək… Cavan uşaqlar narkomaniyaya qurşanırlar, hamısı işsizliyin, bikarlığın əlamətidir.

Mən özüm hər zaman işləyən adam olmuşam. İndi bu sözlərimi oxuyub deyəcəklər ki, Nadir Qafarzadə nə oldu, acından öldün? Mən demirəm acından ölürəm, bizim ruhumuz acdır. Ruhun aclığı dəhşətdir, mədə ac olanda 50 qəpiklik çörəyin dörddə bir hissəsi ilə doyurmaq olur. Ruh aclığını isə doyurmaq çətin məsələdir”.

  •  (0)
  •  (0)