1990-cı illərin dəhşətini canlı yaşayıb, öz yurdlarından ayrı düşən soydaşlarımız var. Onların sevinci, həyəcanı, həsrəti tamam başqadır. Doğulub, dünyaya göz açdıqları, ilk addımlarını atdıqları torpaqlara qovuşmağın xoşbəxtliyini yaşayırlar. Hər an gözləri xəbərlərə, cənab Prezidentin çıxışlarına zillənir. Öz kəndlərinin, rayonlarının xoş xəbərini eşitmək istəyirlər. Nə deyək? Onların keçirdiyi hissləri sözlə izah etmək çətindir. Biz də torpaq niskilini ürəklərində yaşadan həmvətənlərimizlə dərdləşib həm sevinclərinə şərik oluruq, həm də həyəcanlarını bölüşürük.
Sənətə gəldiyi gündən doğma yurdunun adını özünə təxəllüs götürən tanınmış müğənni Xuraman Şuşalı da sherg.az-la həmsöhbət olub. Xuraman xanım, tezliklə Şuşanın işğaldan azad olunacağına inandığını söyləyib:
– Əminəm ki, Xocalıda tökülən qanların qisasını alacağıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Cənab Prezidentin danışığı, nitqi bizi tam şəkildə inandırdı ki, geri çəkilməyəcəyik. Biz müharibənin dayanmasını istəmirik. Həm də ermənilər çox azğınlaşmışdılar. Müharibə olmasa da atəşkəsi pozurdular. Tovuza hücum etdilər, təxribatlara əl atdılar. Bizim sakit dayanmağımız onları arxayın salmışdı. Düşünürdülər ki, bizlə belə rəftar edə bilərlər. Şükürlər olsun ki, Prezidentimiz onları yerlərinə otuzdurdu. Mənfur düşməni iti qovan kimi torpaqlarımızdan qovur.
– Şuşanın xəbərini səbirsizliklə gözləyərsiz hər halda…
– İndi Xocalının işğaldan azad olunmağını gözləyirəm. Ermənilər yaşlı əsgərləri vuruşmağa gətiriblər. Allah onları öz ayaqları ilə gətirib ki, Xocalı torpağında tikə-tikə olsunlar. Bizim qisasımız alınsın. Hazırda bunun üçün dua edirəm. Çünki Xocalıda məsum balaların qanı tökülmüşdü, onlara qarşı vəhşilik törətmişdilər. Ona görə Xocalının xəbərini gözləyirəm. Allahdan istəyim odur ki, itki verməyək. Analar balasız, övladlar atasız qalmasın. Mən özüm atasız böyümüşəm. Atam Qarabağ yolunda vuruşub. O ab-havada boya-başa çatmışam. İstəmirəm balalarımız həmin travmanı alsınlar.
– Qarabağda keçən günləriniz yadınıza gəlirmi?
– Əlbəttə, Şuşadan çıxanda 8 yaşım var idi. Uşaqlığım Şuşanı gəzməklə keçib. Orda İsa bulağında, Cıdır düzündə gözəl günlərim olub. Hamısını xatırlayıram. Uşaqlıq xatirələrimi Şuşada yada salmaq üçün səbirsizlənirəm.
– Yəqin ki, Şuşayla bağlı gələcək planlarınız var…
– İcazə veriləndən sonra ora ilk gedənlərdən olacam. Hətta Şuşada yaşamaq niyətim var. İşlərim, toylarım olanda gəlib-gedərəm. İnşallah, oğlanlarımız evlənsin, qızlarımız gəlin köçsün. İnanıram ki, toyların çoxu Qarabağda olacaq. Ora köçəcəm. Hətta yoldaşıma da demişəm ki, Şuşadan özünə iş taparsan. Çünki onun işi televiziyadır, Bakıdadır. O vaxtı Şuşanın da televiziyası var idi. İnşallah, yenə olacaq.