Azərbaycan şou-biznesinin yazılamamış qanunları var. Məsələn, ifaçının sevgilisi daha çox sponsoru olur. El dilində desək, həcisi. Bu gün həcisi olan ifaçı gündəmdə, trendədir. Çünki bütün problemlərini həci həll edir. Həci isə sizin bildiyiniz o həcilərdən deyil. Bu həci sevdiyi qadınları şou-biznesə gətirir, yeri gəlsə, sevdirməyi bacarır da.
Dünya şou-biznesində prodakşınlar tanınmamış bir ifaçının üzərində çalışır və onu dünya ulduzuna çevirərək ondan maliyyə əldə edir. Bizdə isə nə belə prodüserlər, nə də prodakşnlar var. Belə olduğu halda ümid ancaq həcilərə qalır. Bəs görəsən, sənətçilər bu barədə nə düşünür?
Hokm.az moderator.az-a istinadla bildirir ki, ifaçı Nadir Qafarzadə nə həyatda, nə də sənətdə sponsorunun olmadığını deyir:
“Bu vaxta qədər nə sponsorum, nə də həcim olub. Mənim heç nəyim olmayıb. Göydə Allah, yerdə özüm bu sənətdə var gücümlə çalışmışıb, çabalamışam. Həci məsələsi adətən qadın ifaçılara aid olur. Bu da elə bir məsələdir ki, bilmirsən ki, indi sponsor kimdir həci kim. Həcim olmayıb deyə onun nə iş gördüyündən xəbərsizəm. Allah həcilərin də, sponsorların da canını sağ eləsin”.
Hazırda Türkiyədə yaşayan və oradakı şou-biznesə qatılan aparıcı, aktrisa Aysel Nazim isə deyir ki, dünya ulduzları, eləcə də Türkiyədəki məşhurlar konsertlərindən və layihələrindən gəlir əldə edirlər:
“Bizdə isə daha çox toy biznesi var. İfaçılar karyera qurmağa başlayanda yalnız toy tutmaq üçün ara mahnıları ifa edirlər. Bu sənətə aid olmayan birilərinin hesabına sənətə gəlməyə çalışırlar. Bərbad geyim tərzi, olmayan səs tembri ilə gündə bir ifaçı yetişir. Hamısı da “ulduz”dur. Çox təəsüf ki, həcilərin və ya kimlərinsə hesabına bu sənətə aid olmayan insanların sevgililəri pul buraxıb, onları müğənni edir. Onlar da yalnız toy biznesi haqqında düşündükləri üçün dünya arenasına çıxa bilmirlər. Bunun hər kəsə şamil etmirəm, sevdiyim, sənətinə hörmət etdiyim müğənnilərimiz də var. Onların da daha çox çalışmalarını istəyirəm. Misal üçün Röya Ayxan və bu kimi sənətkarlarımız yaradıclıqlarına yatırım edirlər. Onu təqdir edirəm”.
A.Nazim qeyd edir ki, yeni çıxan ifaçılar özlərinin adlarını dəyişdirib, başqa adla təqdim edirlər, sanki səhnəyə deyil toy məclisinə çıxıblar:
“Gözəl səsi, səs tembri olan ifaçılar var ki, heç onlara sponsorlar tapılmır. Bu sənətlə əlaqəsi olmayanlara yatırım edilir, onlar da çıxıb yekə-yekə danışırlar. Səhnədəki hərəkətlərindən, davranışlarından tamamilə başqa bir şeyi təbliğ edirlər, çünki o başqa yoldan gəliblər. Kimisə tapıblar, onlar da sponsorluq edib yeni bir müğənni yaradıblar. Əslində isə sponsor başqa məna daşıyır. Müğənnini tanıdan prodakşınlardır, bir də ifaçının prodüseri. Prodüser bizdə fərqli qəbul edilir. Belə ki, çanta daşıyan, müğənni ilə birlikdə məclislərə, efirə gedib gələn kimi anlaşılır. Prodüser özü pul qoymalı, ifaçıya yatırım etməlidir. Bizdə isə ona həci deyilir. Həcilərin də 5 sevgilisi olur, ən çox istədiyi sevgilisinə pul yatırıb, onu müğənni edir. Salır insanların canına”.
Prodüser Təranə Səmədova isə deyir ki, dünya şou-biznesində daha çox ifaçıya yatırım edilir, bizdə isə yanaşma tərzi bir qədər fərqlidir: “Bizim dinləyici kütləmiz azdır. İfaçılarımız yalnız toylardan gəlir əldə edirlər. Türkiyədə bu işi sponsorlar edir. Sponsor, prodüser ifaçını yarı yolda qoyanda ona təzminat açılır. Bizdə isə bu cür şeylər yoxdur. Həci mövzusuna isə toxunmaq istəmirəm. İllər öncə ifaçı Rəqsanə efirə çıxıb ilk dəfə “sponsor”um sevgilimdir dedi. İndi o da müasirləşib, adı dəyişdirilib həci olub. O mövzulara toxunmaq istəmirəm. Açığı deyim ki, onu müzakirə etməyi ayıb bilirəm”.