“Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü”.
Hokm.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
“Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, – mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, – əlbəttə ki, idmançılara – həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm”, – dövlət başçısı bildirib.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının son prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub. O, 2007-2018-ci illər aralığında federasiyaya rəhbərlik edib. F.Məmmədov 2018-ci ildə öz ərizəsi ilə AGF prezidenti vəzifəsindən istefa verib.
Daha sonra Azərbaycan Güləş Federasiyasında prezident səlahiyyətlərini Namiq Əliyev həyata keçirib. O, prezident əvəzi olaraq federasiyaya rəhbərlik edib.
2021-ci il dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib və səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.