Pandemiya dövründə toylarsız qalan müğənnilərin bir çoxu qazanc əldə etmək üçün özlərini başqa sahədə sınamaq məcburiyyətində qaldı. Kimisi makler, taksi sürücüsü, xəstəxanada menecer işləməyə başladı, kimisi isə evini, bahalı avtomobillərini, zinət əşyalarını, geyimlərini satışa çıxartdı.
Hokm.az xəbər verir ki, tanınmış müğənni, öz ifa tərzi ilə seçilən Şəhla Həmidova isə son açıqlamasında gözəllik salonlarının birində işə düzəldiyini deyib. Musavat.com bu və digər məsələlər ilə bağlı sənətçi ilə söhbətləşib, rəylərini öyrənməyə çalışıb. Həmin müsahibəni təqdim edirik:
– Son açıqlamanızda bildirmisiniz ki, gözəllik salonlarının birində işə düzəlmisiniz. Bu fəaliyyətinizə nə zamandan başlamısınız? Aldığınız məvacib yaşayışınız üçün yetərli ola bilirmi?
– Ötən ilin oktyabr ayından gözəllik salonlarının birində administrator kimi fəaliyyətə başlamışam. Yəni, bu çox uzun zaman deyil. Artıq məcbur qaldıqda hərə bir yol tapır, mən də məcburən bu fəaliyyətə başladım, çünki dolanmaq lazımdır.
Tək administratorluq deyil, zamanım, imkanım olanda lazer işi, əl ilə masaj xidməti də göstərirəm. Yəni, bütün bunlar gözəllik salonunun tərkibindədir. Bir sözlə, əlimdən nə gəlirsə çalışır, yaşamaq uğrunda mübarizə aparıram.
Aldığım məvacib mənim yaşayışım üçün nə qədər yetərlidirmi – xeyr, yetərli deyil. Sadəcə olaraq, əlimdən tutur. Çünki mən tək deyiləm, oğlum da işləyir. Ana-bala işləyərək, qazandığımız məvacibi bir yerə qoyub, evin kirayəsini veririk və sairə… Yəni, hamı necə, biz də o cür. Siravi insanlar kimi çalışırıq ki, həyat tempimizi pozmayaq, bacardığımız qədər insan kimi yaşayaq, çünki bu bizim haqqımızdır.
– Əsl peşəniz həkimlikdir, zamanında Tibb Universitetini bitirmisiniz. Yəqin ki, pandemiya dövründə bu peşəniz üzrə işləmədiyinizə görə peşmançılıq çəkmisiniz. Ümumiyyətlə, tibb sahəsindən uzaq düşməyinizin əsl səbəbi nə idi?
– Bəli, Tibb Universitetinin stomatoloqiya fakültəsini bitirmişəm. Təbii ki, bu sahə üzrə işləmədiyimə görə peşmanam. Amma bu peşmançılığı indi çəkirəm, zamanında imkanım olsaydı, mən də bu sahənin arxasınca gedərdim və sayılıb-seçilən həkimlərdən biri olardım.
Bir də ki, bilmək olmur, həyat bəzən adamı elə yerlərə sürükləyib aparır ki… Məsəl var, “sən saydığını say, gör fələk nə sayır”. Doğrudur, həyatımızdakı hər şeyi fələk saymasa da, bir çoxu bizim öz seçimlərimiz olsa da, amma görürsən ki, bəzən həyatımızda istəmədiyimiz bir çox şeylər baş verir. Bu mənada, həkimlik peşəmdən uzaq düşdüyüm üçün indi lap çox peşmanam. Çünki tələbə yoldaşlarımın hamısı hazırda işləyir. Amma… indi peşman olsam da, artıq çox gecdir. Yəni, bundan sonra yenidən öz peşəmə qayıtmaq, bu sahə üzrə çalışmaq mümkün deyil. “Arxadan atılan daş topuğa dəyər”…
Amma bəlkə də həkim olduğum üçün əlimin biotokları fərqlidir. Çünki masaj etdiyim xanımlar hər zaman işimdən razılıq edir və bildirirlər ki, bu məndə daha yaxşı və fərqli alınır.
Həyatdır da, peşəm həkimlik idi, amma müğənni oldum, indi də müğənniliyin axırına gedib çıxa bilməmişik…
– İndi həmkarlarınızın bir çoxu Rusiyaya üz tutub, oradakı toy və digər məclislərdə iştirak edirlər. Maraqlıdır, siz niyə həmin həmkarlarınıza qoşulmursunuz, ya dəvət yoxdur?
– Heç zamanında gündəlik toylara gedən müğənni olmamışam, çünki toy müğənnisi deyiləm. Yəni, kim nə istəyirsə, onu oxuyan müğənnilərdən olmamışam. Məni toya dəvət edənlər də artıq bilirdilər ki, hansı musiqiləri ifa edirəm, tərzim necədir, hansı zövqə malikəm.
İzlədiyim qədər belə başa düşürəm ki, Rusiyada da mənim tərzdə ifa edən müğənniləri toylara çox da dəvət etmirlər.
– Bəzi müğənnilər çəkinmədən toy, nişan, xınayaxdı məclsilərinə dəvət aldıqlarını bildirirlər. Heç də gizlin deyil ki, fevral ayının sonlarından etibarən Bakının bir sıra şadlıq sarayı və restoranlarında hansısa yolla bu cür məclislər keçirilir. Sizə də bu cür dəvətlər gəlibmi?
– Təkliflər olub ki, pandemiyadan sonra baş tutacaq toya dəvət ediləcək müğənnilərin arasında mən də olacam. Lakin bu ərəfələrdə toy, məclislər üçün dəvət almamışam.
– Pandemiya dövründə bir il ərzində yaradıcılıqdan tamamilə uzaq qaldınız?
– Yaradıcılıqdan kənarda qalmamışam. Bəzi yeni mahnılar var ki, onları aranjeman edib, oxumalıyam. Amma etiraf etməliyəm ki, bu aranjeman üçün studiyaya getməli, ora ödəniş etməliyəm. Lakin hazırda buna maddi imkanım çatmadığı üçün bir qədər fasilə vermişəm. İnşallah, tezliklə yaxamız pandemiya bəlasından qurtarsın, yeni mahnılar, musiqilər yenə də olacaq… Əgər içində sənət bitibsə, deməli, sən də bitibsən. Çox şükür ki, bu məndə bitməyib. Ürəyimdə, beynimdə çoxlu sayda musiqilər var, sadəcə olaraq zaman, fürsət gözləyirəm.
– Özünüzü koronavirus bəlasından necə qoruyursunuz? Vaksinasiya prosesinə qoşulmusunuzmu?
– Çalışıram immunitetimi yüksək saxlayım, insanların sıx olduğu yerlərə getməyim, təmiz havada yürüş etməyi sevirəm, günümün müəyyən hissəsini küçədəki heyvanlara sərf edirəm, onlara yemək paylayıram. Ümumiyyətlə, heyvanlarla vaxt keçirmək çox yaxşıdır, insanlardan fərqli olaraq onların gözəl aurası olur.
Beləliklə, çalışıram ki, neqativlərdən, bədbinliklərdən uzaq qaçım, lazımsız qidaları qəbul etməyim, az amma qaydasında yeyim və sairə.
Vaksinasiya prosesinə gəldikdə isə, xeyr, hələ ki, vaksin olunmamışam.Musavat