Hokm.az Xalq artisti Flora Kərimovanın müsahibəsini ixtisarla təqdim edir:
– Bir ildən çoxdur ki, toylar yoxdur, sənətçilər dolana bilmir. Bundan əlavə yəqin ki, Tarif Şurasının qiymətləri artırmağından da xəbəriniz var.
– Həqiqətən də görürəm ki, vəziyyət hamıda acınacaqlıdır. Bu vəziyyətlər Allah etsin keçəri olsun. Mən bilirəm ki, bu çətindir millətimə. Mən bilirsiz nə istəyirəm? Korrupiyaya görə gündə tutub dama atılan məmurların pulunu xərcləsinlər millətə, yetim-yesirə! Cənab prezident deyir ki, qiymətləri artırmayın. Mən elə bir adam tanımıram ki, prezidentin bir sözünü iki etsin. Bir sözü iki olubsa bu artıq qudurğanlıqdır. Bu qudurmuşu millətin gözünün qabağında elə hala salmaq lazımdır ki, millətin ürəyi soyusun, ürəyindən tikan çıxsın.
– Flora xanım, yəqin ki, müğənni Xatirə İslamın efirlərdən pul tələb etməyindən də xəbərdarsız.
– Xatirə İslam haqlıdır. Çünki onun da evi, övladı, məişət problemləri var. Toy da yox, qazanc gəlmir. Eybi yoxdur, imkan yoxdursa az ödəsinlər, amma yetər ki, qonorar ödəsinlər. Heç bir şirkət qonorar ödəmir! Xatirə İslam adi insan deyil ki, nimdaş pencəyini salsın çiyninə, çıxsın səhnəyə. Xatirə İslamın bir paltarının qiyməti Allah bilir neçəyədir. Biz deyə bilərik ki, geyinməsin bu paltarı, geyinsin o paltarı. O millətinə, dinləyicisinə, sevənlərinə hörmət edib, səhnəyə səliqəli və gözəl formada çıxmalıdır. Çünki televizora bütün dünya baxır. Necə siz qəbul edə bilərsiz ki, Xatirə nimdaş geyimdə çıxsın efirə? Ya da ki, ucuz paltarda çıxsın. O amma dəridən qabıqdan çıxır, balasının boğazından kəsir, ərinin maaşını qatır ora, bir paltar geyir, onu da çox görürsüz? Bu sözünə görə qızı yıxıb sürüyürlər. Nə düşmüsüz onun üstünə?
– Əslində onu adi insanlar qınamadı, bu sahədə, ələxsus da televiziya sahəsində olan insanların qəzəbinə səbəb oldu. Flora xanım, gəlin açıq danışaq da. Sizin kimi böyük sənətkarlar qala-qala bu tələbin Xatirə İslam tərəfindən irəli sürülməsi bir az absurddur.
– Mən əvvəldən elə şeylərə fikir verməmişəm. Məni millət belə görüb. Həmişə qızım deyir ki, ana, millət sənə o qədər şeyləri bağışlayıb ki. Millət mənə mahnılarımın sözünü yadımdan çıxartmağı bağışlayıb, millət mənə bəzən kəskin danışmağı bağışlayıb. Millət mənim paltarıma, geyimimə yox, sənətimə, səsimə baxıb. Floranın repertuarı düşündürən repertuardır. Cavanlar isə bu günki günlə addımlamalıdırlar. Mənim dövrüm ayrı idi, intelektual insanların dövrü idi. “Çıkkıdı-çıkkıdı” vaxtı deyildi. Akif İslamzadə o vaxt toyda “Sənsiz” romansını oxuyurdu, camaat da ayaq üstə onu alqışlayırdı. Hər toyumuz bir konsert idi. Xatirə İslam neyləsin? “Çıkkıdı-çıkkıdı” olmasa onu toya da çağırmazdılar. Televiziya kanalları elə müğənniləri efirə buraxdılar ki. Xatirə İslam mahnılar yazdırıb, kliplər çəkdirib. Onun bir mahnısı var idi, öyrənmişdim onu, oxuyacaqdım. Amma ehtiyyat etdim ki, oxusam da onun ifası kimi yaxşı alınmayacaq.
– Hansı mahnı idi o?
– Vallah yadımda deyil, sükan arxasında da qulaq asırdım o mahnıya. Kimin maşınında olurdumsa o mahnının diskini özümlə gəzdirirdim.
– Demək ki, repertuarını sevirsiz?
– Mən müğənnini sevməyə bilərəm, ancaq mahnısını sevə bilərəm. Mən demirəm ki, Xatirəni sevmirəm, o hərtərəfli müğənnidir. Hər müğənni davranışı ilə, ifası ilə insanın xatirəsində qalır.
– Flora xanım, ATV maqazin onlarla verilişindəki açıqlamanızdan sonra dayınız oğlu, müğənni Cavanşir Məmmədov verilişlərdən birinin canlı bağlantısına yeni aldığı avtomobili çıxararaq həmin avtomobillə sizi Şuşaya aparmaq istəyini bildirmişdi. Həmin avtomobillə Şuşaya gedəcəksiz?
– O qədər məni maşınla Şuşaya aparmaq istəyən insanlar var ki. Millətim məni maşınla yox, əlində Şuşaya aparar. Millət məni başının üstündə aparar Şuşaya. Çünki mənim səsim neçə illər Şuşanın adının sədası olub. Mənim göz yaşlarım Şuşanın harayı olub. Mən sizdən xahiş etsəm ki, məni Şuşaya aparın, özünüzdə maşın olmasa da dostunuzdan maşın götürüb aparmazsız? Çünki mən Şuşanın adını doğrultdum, adını yerə soxdurmadım. Bir Şuşalı, bir Qarabağlı demədi ki, mən Floradan utanıram. Məni Şuşaya aparan da, nazımı çəkən də çox olacaq. Şuşaya layiq övladam. Düzü məni yandıran odur ki, anam sağlığında dedi ki, gedək Şuşaya. Dedim elə sabah, biri gün, o biri gün. Qismət olmadı. Elə oldu ki, anamı çiynimdə götürüb Şuşanın yox, Bakının torpağına basdırdım. İndi yəqin ki, anamın ruhu da şaddır.Moderator.az