Əgər arada bir-birini məhv etmək istəyi varsa, bu, bilirsiniz həyatı necə çirkablaşdırır? Mən kin-nifrətlə yaşaya bilmərəm, ölərəm. Küsülü olduğum həmkarlarımla da aramda sevgi olub, sadəcə təntənəli şəkildə dəfn elədik o sevgini. Və toxunmuruq, qəbrə toxunmaq olmaz. O məhəbbət artıq qəbrin içindədir, gömülüb qara torpaqlara. Onu anarlar, hərdənbir yada salarlar. Amma onu qurtdalamazlar, qəbrə toxunmaq olmaz!
Hokm.az xəbər verir ki, bu sözləri 50 yaşını qeyd edən Xalq artisti Faiq Ağayev MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə düz” verilişində deyib.
“10 ildir atamı itirmişəm. Ata kimi mənə nəyi öyrətməli idisə, artıqlaması ilə bunu etdi. Bir gün gəlib atama dedim ki, papa, məni bağışla, amma mən anamı səndən çox sevirəm. Dönüb mənə dedi ki, düz edirsən, biz səninlə eyni insanı sevirik. Mənim atam mənim Xalq artisti fəxri adını almağımı da gördü. Tamaşaçı sevgisini də gördü. Hərdən dəhşətə gəlirəm ki, 10 il keçib. O dünyada görəndə maraqlanacam ki, siqaret çəkib, yoxsa atıb? Ona olmazdı siqaret çəkmək. Başqa sualım qalmayıb. Bir də deyəcəm ki, darıxmışam səninçün. Onun ən böyük əmanəti bizimçün anamdır. Anamı çox sevirdi. Dedi ki, mənim arvadım sizinçün qulluqçu deyil ki, mən dünyadan köçəndən sonra kimsə yaşamağa onun yanına köçsün. Nə də onu öz yanınıza aparın. Görmək istəyirsinizsə, gəlin, görün, axşam saat 11-də gedin evinizə. Ona yük olmayın” , – sənətçi qeyd edib.
Faiq Ağayev xoşbəxt olduğunu etiraf edib:
“Mən 3 yerdə xoşbəxtəm. Studiyada mahnı yazanda, solo konsert və klip çəkilişləri zamanı. Konsertlər üçün hamımız darıxmışıq, amma bilirsiniz ki, məhdudiyyətlər var. Əgər pandemiya olmasa idi, bu il tamaşaçıları çox maraqlı konsert gözləyəcəkdi. 2 hissədən ibarət gecədə bir-birindən tam fərqli Faiq Ağayev olacaqdı. Keçmiş və gələcək kimi ola bilər…
Polad Bülbüloğlu 2008-ci ildə mən Xalq artisti adını alan kimi mənə zəng açaraq təbrik etdi və söylədi ki, bax ha, sən artıq Xalq artistisən. Sən böyük bir xalqın musiqi nümayəndəsisən. Sənin haqqın yoxdur bundan sonra bir keyfiyyətsiz iş buraxasan. Bundan qabaq da eləməmişdin ha, amma birdən deyərsən Xalq artistiyəm, mənə hər şey olar. Keyfiyyətsiz iş buraxarsan, o, sənin Xalq artisti adına xələl gətirər. Bax o məsuliyyət!”
F.Ağayevin sözlərinə görə, həyatında 3 dəfə koma keçirib:
“Ölmüşəm! Mən həyatı çox sevirəm, bu, bir, ikincisi, ölməkdən qorxmuram artıq. İllər əvvəl başıma gələn hadisə artıq üçüncü koma idi. Ondan qabaq iki komam olub mənim. Bir dəfə boğulmuşam dənizdə, bir dəfə də burnumu əməliyyat edəndə. İndi daha dünyasını dəyişib o həkim, demək olar. Həkim məni öldürdü, reanimatoloq olmasa idi, məni bu dünyaya qaytarmaq olmazdı. Heç yadıma da salmaq istəmirəm, bir az məni yükləyir bu söhbətlər. Mən yaşayışı çox sevirəm, mən həyatı çox sevirəm. Mən gözəl insanlar, insanların gözəl hərəkətlərini görməyi sevirəm. Həyatdır, olub. Kiminsə burnu qanayır, kiminsə dırnağı sınır, kimsə Allah göstərməmiş, avtomobil qəzasına düşür, kimsə hansısa bir düşmənçiliyin tuşuna gəlir. Bu da həyatın eybəcər tərəfləridir”.Publika.az