Ermənistan Azərbaycanla sərhəddə yerləşdirilən Avropa İttifaqının (Aİ) missiyasının hələ də lazımlı olduğunu iddia edir.
Hokm.az-ın məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərhədin delimitasiyası tamamlanana qədər avropalı müşahidəçilər İrəvan üçün vacibdir.
“Biz əminik ki, Ermənistan və Azərbaycan arasında bölünməz sərhəd var olduqca, silahlı qüvvələrimizə qarşı atəşkəsi pozmaqda ittihamlar davam etdikcə, Aİ missiyası bizim üçün vacib və zəruridir”, – deyə Ararat Mirzoyan mətbuata açıqlamasında qeyd edib.
Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsələr, missiya başa çatacaq.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan maddələrdən biri sərhəddəki üçüncü qüvvələrin çıxarılması ilə bağlıdır. Prezident İlham Əliyev ötən ay bildirib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.
“Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.