Məni gözü götürməyənlər çoxdur. Yolu açan uca Allahdır. Siz paxıllıq etdikcə mən daha da yüksələcəm.
Hokm.az bildirir ki, bu sözləri oxu.az-a açıqlamasında aktrisa kimi bir çox film və seriallarda əsas rolları canlandıran Gülşən Hüseynli deyib.
Artıq müğənni kimi də fəaliyyətə başlayan Gülşən Hüseynli verdiyi qərarlardan danışıb:
“İllər keçdikcə səsi olmayanların, “yuxudan duranlar”ın oxuduğunu gördüm. Düşündüm ki, niyə də oxumayım. Artıq iki ildir oxuyuram. Samir Cəfərov və Aytən Zamanlıdan vokal dərsləri almışam.
Sənətə təsadüfən gəlməmişəm. Uşaq vaxtlarından bu işlə məşğulam. Niyazi adına 22 saylı musiqi məktəbində xanəndəlik üzrə Mənsum İbrahimovun sinfində təhsil almışam. Daha sonra 12 yaşından aktrisalığa başladım. Müğənnilik fəaliyyətim isə ikinci plana keçdi. Mən savadlı müğənniyəm. Ailəm də məni dəstəklədi. Mahnı yazdırıb, klip çəkdirdim. Şükür ki, aktrisalıq fəaliyyətim kimi müğənnilik də uğurlu alındı. Pandemiyadan öncə tədbirlərdə, toylarda oxuyurdum”.
İdeal bədən forması ilə medianın diqqət mərkəzində olan aktrisanın onu gözü götürməyənlərə cavabı isə sərt olub:
“Aktyorlarda olduğu kimi, müğənnilər arasında da qısqanclıq var. Mənim səsimin, özümün gözəlliyi, tamaşaçıların mənə rəğbəti bir çox yerlərdə mənimlə birgə oxuyan xanım müğənnilərin qısqanclığına səbəb olurdu. Bunu hiss etmişəm. Hətta kişilərin arasından qısqanclıq olub.
Toy məclislərindən məni kənarlaşdırmağa çalışıblar. Mən belə şeylərə fikir vermirəm. Hədəfim irəli getməkdir.
Qısqanırlarsa, deməli, bu sənətdə varam. Müğənni kimi sevildiyim üçün müğənnilər qısqanır.
Düşünürəm ki, paxıllıq olmasaydı, insanlar irəli gedə bilməzdi. Paxıllıq ikibaşlı olur. Yaxşı və pis mənada… Yaxşı mənada paxıllıq edib irəli də getmək, məqsədə nail olmaq olar. Pis mənada paxıllıq edənlər yerlərində qalırlar. Günləri paxıllıq etməklə keçir. İçlərini o qədər kin-nifrət bürüyür ki, işlərinə vaxt ayırmağa zamanları qalmır. Məni gözü götürməyənlər çoxdur. Yolu açan uca Allahdır. Siz paxıllıq etdikcə mən daha da yüksələcəm. Elə xanımlar var ki, onların xəyalındakı oğlanlar məni sevirlər. Həmin oğlanları mənə qısqanırlar. Gözəl və hörmətli xanımı hər zaman sevirlər. Özünüzə hörmət edin ki, sizi də sevsinlər”.
Sevgidə aldandığını deyən aktrisanın eşq həyatından gileyi isə diqqət çəkən olub:
“Məni sevənlər çoxdur. Ancaq sevgidə aldanmışam. Ürəyim təmiz olduğu üçün hər kəsi özüm kimi bilirəm. Mən həyatda aktrisa deyiləm. Ancaq qarşımdakı insan elə rola girir ki… Təəssüf ki, həyatda qarşıma çıxanların çoxu aktyorlar olub. Mənim sevgilim dünyanın ən yalançı adamı idi.
Onun danışdığı beş sözdən dördü yalan idi. Artıq deyilən sözlərə inanmıram, hər kəsə şübhə ilə yanaşıram”.
Sənətini daha da inkişaf etdirmək niyyətində olan müsahibimiz gələcək planlarını bölüşüb:
“Bədii filmlərin birində tarixi obrazı canlandıracam. Türkiyənin dəstəklədiyi böyük layihədir.
Serialımız da olacaq. Pandemiya ilə bağlı bir müddət ara verdik. Yeni klip üzərində işləyirəm. Ritmik mahnı ilə məni sevənlərin qarşısına çıxacam”.